00:00:00
Yazar
Nərmin Həşimova
17.07.2026 21:02 33 2 dəq oxuma
Maraqlı

İki təkər üzərində fırlanan həyat

İki təkər üzərində fırlanan həyat

Şəhər həyatının ayrılmaz tərkib hissəsinə çevrilən kuryerliyin və kuryerlərin sayı gündən-günə artmaqdadır. Xüsusilə, pandemiyadan sonra bu sahəyə tələbat xeyli artıb. Ancaq onu da qeyd etmək lazımdır ki, bu sahənin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Belə ki, insan yaranan gündən müxtəlif əşyaları bir yerdən başqa bir yerə daşımağa ehtiyac duyub və hər dövrdə bunu fərqli üsullarla həyata keçirib.


Müasir anlamda ilk kuryerlik şirkətini 1907-ci ildə Cim Kessi ABŞ-nin Sietl şəhərində yaradıb. O, cəmi 100 dollar borcla başladığı bu işdə qısa müddətdə uğur qazanmağı bacarıb. 1913-cü ildə şirkət motorlu nəqliyyat vasitələri əldə edərək pərakəndə satış məntəqələrinə məhsul çatdırılması üzrə ixtisaslaşıb. 1916-cı ildən etibarən o dövrdə əsas rəqibi olan Çarli Soderstromun şirkəti ilə birləşən müəssisə 1919-1930-cu illər arasında Sakit okean sahillərində də fəaliyyət göstərməyə başlayıb. Zaman ötdükcə standart qablaşdırma və izlənilə bilən çatdırılma sistemi sayəsində xidmətlərini sadələşdirən şirkət sonradan "United Parcel Service" (UPS) adını alıb.


Günümüzün kuryerlik sahəsinə gəldikdə isə yazının əvvəlində qeyd etdiyim kimi bu sahə və bu sahədə işləyənlər həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Kuryerlər zaman-zaman müxtəlif mövzularla gündəmə gəlir, həm müsbət, həm də mənfi fikirlərin hədəfinə çevrilirlər. Belə ki, kuryerlər yol hərəkəti qaydalarını pozmaq kimi hallarla tənqid olunsalar da, insanların çoxu onların hansı şəraitdə işlədiyini və dolanışıq uğrunda apardıqları mübarizəni nəzərə almır. Bu sahədə fəaliyyət göstərən şirkətlər isə kuryerləri sanki alqoritmlərlə fəaliyyət göstərən robot kimi görürlər. Onları formal olaraq sərbəst fəaliyyət göstərən işçi kimi təqdim etsələr də, sifariş başına alınan ödənişlərin qiymətləri ilə çox vaxt maraqlanmırlar. Nəticədə, kuryerlər sifariş başına ödəniş sistemilə uzun saatlar çalışmaq məcburiyyətində qalırlar.


Uzun sözün qısası, iki təkər üzərində istidə, soyuqda həyatla mübarizə aparan və bizə xidmət edən kuryerlərə daha çox diqqət ayrılmalı, aidiyyatı qurumlar problemlərin həlli yolunda onları da dinləməlidirlər. Bununla yanaşı, kuryerlər də daim dialoqa açıq olmalı və bu sahəni yaxşı bilən nümayəndələr vasitəsilə vahid mövqedən çıxış etmələri olduqca vacibdir.

     
Ürfət Mirzəyev

#kuryerlik #sahəsi #şəhər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər