İmtahan cavabları şübhə doğurub
DİM bildirib ki, bəzi abituriyentlərin imtahan cavabları xüsusi yoxlama alqoritmləri əsasında şübhə doğurduğu üçün elan edilməyib və nəticələr “araşdırılır” statusunda saxlanılıb. Aparılan araşdırmalar zamanı qəbul imtahanlarında gizli texniki vasitələrdən istifadə halları aşkar edilib. Məlum olub ki, fərdi hazırlıq kursu rəhbəri və təhsil eksperti bu vasitələri qanunsuz hazırlayaraq 15 abituriyentə kömək ediblər. Faktla bağlı cinayət işi açılıb, kurs rəhbəri həbs edilib, təhsil eksperti barəsində isə başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Mövzu ilə bağlı hüquqşünas Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, halla bağlı 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur:
“Mətbuatda yayılan məlumatlara əsasən, 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə bağlı qanunsuz hallar aşkarlanıb. Belə ki, bəzi şəxslər imtahan zamanı xüsusi texniki vasitələrlə sualların cavablarının ötürülməsi məqsədilə müdaxilələr ediblər.
Bu şəxslərə imtahan zamanı gizli texniki qurğular ötürülüb və onların vasitəsilə cavabların ötürülməsi təşkil olunub. Artıq bu barədə Dövlət İmtahan Mərkəzi məlumatlandırılıb, araşdırmalar aparılıb və bir çox abituriyentlərin cavablarında şübhəli məqamlar aşkar olunub. Cavablar müvəqqəti olaraq saxlanılıb, sənədləşmə prosesi aparılıb və fakt üzrə cinayət işi başlanıb.
Hazırda məsələ məhkəmə mərhələsindədir. Prosesdə iştirak edən iki nəfər barəsində cinayət işi açılıb: biri təhsil eksperti, digəri isə hazırlıq kursunun rəhbəridir. Kurs rəhbəri barəsində həbs qətimkan tədbiri, təhsil eksperti barəsində isə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.
Azərbaycan Cinayət Məcəlləsinin 302.3-cü (gizli məlumat əldə etmək məqsədilə texniki vasitələrin istifadəsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Birinə görə 2000–4000 manat cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə, digərinə görə isə 2000–5000 manat cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu işin xüsusilə qrup halında törədilməsi faktı da nəzərə alınıb. Abituriyentlər və onların valideynləri bu qanunsuz xidmətlərdən müəyyən ödəniş müqabilində yararlanıblar. İştirak edən abituriyentlərin yaşı nəzərə alınmalıdır — əgər yetkinlik yaşına çatmayıblarsa, cinayət məsuliyyətindən kənarda qala bilərlər.
Bu üsulla imtahanı keçən abituriyentlərin nəticələrinin ləğvi gündəmdədir. Hətta ali məktəblərə qəbul olmuş şəxslərlə bağlı da nəticələrin ləğv edilməsi mümkündür. Çünki əldə olunan nəticələr qanunsuz yolla alınıb və bu halda qəbul prosesi etibarsız hesab olunur”.
Aydan Əsgərxanlı
