İmtahan həyəcanı ilə necə mübarizə aparmaq lazımdır?- Psixoloqdan AÇIQLAMA
Blok imtahanına sayılı günlər qaldıqca abituriyentlər arasında stress, həyəcan və yorğunluq daha çox hiss olunur. Bəziləri son günlərdə daha çox dərs oxumağa çalışsa da, psixoloqlar bu dövrdə həm zehni, həm də emosional hazırlığın vacib olduğunu bildirirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, blok imtahanına az vaxt qaldıqda abituriyentlərdə həyəcan və stressin artması normaldır:
“Çünki insan beyni önəm verdiyi situasiyalarda təhlükə və məsuliyyət hissini daha güclü yaşayır. Amma bu həyəcan düzgün idarə olunmadıqda diqqət dağınıqlığına, yorğunluğa və özünəinamın azalmasına səbəb ola bilər. İmtahan həyəcanını azaltmaq üçün ən vacib məqamlardan biri son günlərdə özünü həddindən artıq yükləməməkdir. Bir çox şagird panika ilə saatlarla fasiləsiz dərs oxumağa çalışır, amma bu, beynin informasiyanı emal etməsini çətinləşdirir. Daha faydalı üsul planlı təkrar, qısa fasilələr və zehni yormayan çalışma sistemidir. Nəfəs məşqləri və diqqəti indiki ana yönəltmək də stressi azaltmağa kömək edir. İmtahan yaxınlaşdıqca “unudaram”, "çatdırmayacağam” kimi düşüncələr artır. Bu zaman diqqəti qorxuya yox, hazırda görülən işə yönəltmək vacibdir. Sadə nəfəs texnikaları sinir sistemini sakitləşdirə bilər. Yuxu rejimi isə imtahan nəticəsinə birbaşa təsir edir. Yuxusuz beyin informasiyanı həm zəif yadda saxlayır, həm də imtahan zamanı xatırlamaqda çətinlik çəkir”
Psixoloq qeyd edib ki, xüsusilə son günlər gecə saatlarına qədər oxumaq diqqət və konsentrasiyanı azalda bilər:
“Beynin məlumatı möhkəmləndirməsi üçün keyfiyyətli yuxu vacibdir. Bu səbəbdən imtahana yaxın günlərdə yuxu saatını stabilləşdirmək lazımdır.
Valideynlərin rolu da çox önəmlidir. Bu dövrdə uşağa davamlı “mütləq yüksək nəticə toplamalısan” mesajı vermək təzyiq hissini artırır. Abituriyentin ən çox ehtiyac duyduğu şey təhlükəsiz və anlayışlı mühitdir. Valideyn dəstək verərkən nəticəyə yox, övladının zəhmətinə fokuslanmalıdır. “Biz sənə inanırıq”, “nəticədən asılı olmayaraq yanındayıq” kimi ifadələr gəncin psixoloji dayanıqlığını artırır. Ən vacib məqamlardan biri də imtahanı həyatın “son şansı” kimi görməməkdir. Bu düşüncə stressi həddindən artıq yüksəldir. İmtahan önəmlidir, amma insanın dəyərini və gələcəyini tam müəyyən edən yeganə amil deyil. Ümumi desək, son həftədə əsas məqsəd özünü tükəndirmək yox, zehni və emosional olaraq balansı qorumaqdır. Sakit, planlı və özünə qarşı daha anlayışlı yanaşan abituriyent imtahana daha stabil psixoloji vəziyyətdə girə bilir”.
Gövhər Mehyəddinova