“İmtahan sonrası söz sizdədir” - Dövlət İmtahan Mərkəzi şagirdlərin rəyini toplayır
Dövlət İmtahan Mərkəzi (DİM) 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların təcrübəsini öyrənmək məqsədilə onlayn sorğuya start verib. Qurumun yaydığı məlumata görə, sorğunun əsas məqsədi şagirdlərin imtahan prosesi ilə bağlı fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Bildirilir ki, əldə olunacaq nəticələr gələcəkdə imtahanların təşkilinin daha da təkmilləşdirilməsində istifadə ediləcək. DİM bütün iştirakçıları sorğuda fəal iştirak etməyə dəvət edir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “İnformator.az”a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi hər il imtahan sistemini təkmilləşdirir:
“Burada həm dünya təcrübəsi, beynəlxalq təcrübə, həm də ölkə imtahan təcrübəsində ortaya çıxan müəyyən neqativ hallar diqqətə alınır. Bu da təbiidir, çünki cəmiyyət inkişaf edir, nəsillər dəyişir, texnologiyalar yenilənir. Dövlət İmtahan Mərkəzi son illərdə dil ölçmə ilə bağlı dünyada qəbul olunan standartlara keçir. Burada həm esse yazma, həm də daha az kontingentli imtahanlarda danışıq bacarıqlarının ölçülməsi, yəni praktiki olaraq açıq suallar vasitəsilə proses davam etdirilir. Abituriyentlərdən sorğu vasitəsilə fikirlərin öyrənilməsi də düşünürəm ki, əhəmiyyətlidir. Bəzən gözdən qaçan məqamların aşkarlanması və daha da təkmilləşdirməsi üçün iştirakçıların baxışı vacibdir. Onların fikirlərinin öyrənilməsi abituriyentlərin bilik və bacarıqlarının daha düzgün qiymətləndirilməsinə imkan yaradır”.
Fatimə Hüseynli