00:00:00
Yazar
Lalə Qafarova
17.03.2026 21:24 24 2 dəq oxuma
Sosial

İmtahan tarixləri açıqlanıb: ekspertlərdən vacib mesajlar

 İmtahan tarixləri açıqlanıb: ekspertlərdən vacib mesajlar

 

 

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdinin tarixləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-də, I və IV ixtisas qrupları üzrə isə iyunun 7-də keçiriləcək.

Bildirilib ki, qəbul imtahanında iştirak üçün qeydiyyat prosesi 16-29 apreldə olacaq. Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-də təşkil olunacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, qəbul imtahanlarının tarixlərinin açıqlanması hər il olduğu kimi, bu il də təhsil mühitində ciddi canlanma yaradıb. Onun sözlərinə görə, bu prosesi sadəcə texniki cədvəl kimi deyil, şagirdlərin illərlə çəkdiyi zəhmətin məntiqi yekunu kimi dəyərləndirmək lazımdır:

 

“İmtahanlarda sualların çətinlik səviyyəsi ilə bağlı cəmiyyətdə hər zaman müəyyən gözləntilər olur. Lakin builki mənzərəyə bir qədər tənqidi prizmadan yanaşmaq zəruridir.  Buraxılış imtahanlarında yaranan narazılıqları, sualların bəzən məktəb proqramına uyğun olmamasını və abituriyentlərin süni çətinliyə salınmasını Dövlət İmtahan Mərkəzi ciddi nəzərə almalıdır.

İmtahanın missiyası şagirdi büdrətmək yox, onun real potensialını obyektiv şəkildə üzə çıxarmaqdır. Ümid edirik ki, blok imtahanlarında buraxılış mərhələsində müşahidə olunan bu cür ‘çətinlik eksperimentləri’ təkrarlanmayacaq”.

 

Eyni zamanda Əmrah Həsənli qəbul imtahanlarının iki mərhələli olması məsələsinə də toxunub. O vurğulayıb ki, xüsusilə ikinci mərhələnin iki cəhddən ibarət olması abituriyentlərin psixoloji dayanıqlığı və nəticələrin optimallaşdırılması baxımından effektiv mexanizmdir:

 

“Əvvəlki illərdə gənclər bütün gələcəklərini cəmi üç saatlıq bir imtahana bağlayırdılarsa, hazırda onlara verilən ikinci şans həyəcan faktorunu müəyyən qədər azaldır. Birinci cəhddə buraxılan səhvləri təhlil edib ikinci cəhddə daha soyuqqanlı şəkildə yüksək nəticə əldə etmək imkanı təhsil alanların potensialını reallaşdırmasına xidmət edir.

Lakin bu effektivlik yalnız o halda tam təmin olunur ki, suallar abituriyentin biliyini ‘ovlayan’ deyil, proqram çərçivəsində onun təfəkkürünü qiymətləndirən formatda tərtib edilsin. Şagirdlərin illərlə çəkdiyi zəhmətin bir neçə qeyri-standart sualla heçə sayılması təhsilə olan inamı sarsıda bilər”.

 

Nəticələrin müqayisəsinə gəldikdə isə ekspert hesab edir ki, builki mənzərə əvvəlki illərdən kəskin şəkildə fərqlənməyəcək, lakin müəyyən müsbət dinamika gözlənilir:

 

“Artıq həm müəllimlər, həm də abituriyentlər yeni imtahan modelinə və kurikulum standartlarına tam uyğunlaşıblar. Lakin DİM-in builki blok imtahanlarında sərgiləyəcəyi yanaşma həlledici olacaq. Əgər suallar daha balanslı, şəffaf və ən əsası məktəb dərsliklərinin ruhuna uyğun şəkildə tərtib olunarsa, daha ədalətli nəticələr əldə edilə bilər.

Biz hər zaman tələb edirik ki, qiymətləndirmə meyarları daha insani olsun və gənclərin gələcəyi statistik rəqəmlərin qurbanına çevrilməsin. Bu imtahanlar gənclər üçün sadəcə bir sınaq deyil, ölkənin kadr potensialının formalaşmasında mühüm keçid mərhələsidir”.

 

Reyhan Quliyeva

#i̇mtahan #tarixləri #açıqlanıb: #vacib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər