İncəsənət olimpiadasının qaliblərinə imtahansız qəbul imkanı veriləcək
Adil Kərimli Azərbaycanda incəsənət sahəsində yeni təşəbbüsün tətbiq olunacağını açıqlayıb. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ilə razılaşmaya əsasən, gələn ildən keçiriləcək incəsənət olimpiadasının qalibləri imtahansız şəkildə ali təhsil müəssisələrinə qəbul ediləcəklər. Bu addım yaradıcı gənclərin dəstəklənməsi və incəsənət sahəsində inkişafın stimullaşdırılması məqsədi daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, alınan qərar istedadlı gənclərin olimpiada qalibi olduğu halda qəbulunu əsaslandırır:
“Təbii ki, olimpiadaların qiymətləndirilməsi obyektiv olarsa, nəticələr də daha ədalətli olar. Digər fənn olimpiadalarında olduğu kimi, qaliblərin seçdikləri ixtisas verdikləri fənlə uyğunlaşdırılsa, bu yanaşma incəsənət sahəsinə də tətbiq edilə bilər. Bu halda incəsənət üzrə olimpiada qalibləri mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrinə qəbul oluna bilərlər. Düşünürəm ki, obyektiv qiymətləndirmə təmin olunarsa, bu, incəsənət sahəsinin inkişafına müsbət təsir göstərəcək. Əsas məqsəd istedadlı şəxslərin önə çıxarılmasıdır və bu yanaşma onların potensialını daha yaxşı şəkildə üzə çıxara bilər. Digər abituriyentlər üçün ədalət məsələsinə gəldikdə isə, artıq kimya, informatika, fizika və digər fənlər üzrə olimpiadalarda qalib olanların qəbulunun müvafiq qanunvericiliyə uyğun həyata keçirildiyini nəzərə alsaq, eyni prinsipin incəsənət sahəsinə də tətbiqi məntiqli və ədalətli görünür”.
Gövhər Mehyəddinova