00:00:00
Yazar
Admin User
17.11.2025 18:59 133 4 dəq oxuma
Sosial

İncəsənət məktəblərində yeni pilot ixtisasların tədrisinə start verilir

İncəsənət məktəblərində yeni pilot ixtisasların tədrisinə start verilir

Yeni tədris ilində incəsənət məktəblərində rəqəmsal incəsənət üzrə pilot ixtisasların tədrisinə start veriləcək. Proqram yaradıcı sahələrdə kadr hazırlığını gücləndirməyi hədəfləyir. Qrafik və dəb dizaynı, elektron musiqi, foto–videoqrafiya və dekorativ-tətbiqi sənət yeni kurikulum əsasında tədris olunacaq.

 

Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrət oğlu “İnformator.az”a açıqlamasında bildirib ki, incəsənət məktəblərində rəqəmsal ixtisasların – qrafik dizayn, dəb dizaynı, elektron musiqi, foto-videoqrafiya və dekorativ-tətbiqi sənət – pilot proqram kimi tədrisə başlaması Azərbaycanın təhsil sistemində yaradıcı sahəyə yönəlmiş mühüm addımlardan biridir:

 

“Bu proseslər qlobal trendlərlə üst-üstə düşür. Rəqəmsal yaradıcı sənaye sürətlə böyüyür, ənənəvi ixtisaslar rəqəmsala keçir, yəni artıq həmin mərhələdəyik. Yaradıcı gənclər üçün daha çevik karyera imkanları yaranır. Bu, zamanın tələbidir. Dünyada animasiya, dizayn, virtual reallıq və yeni media kimi sahələr sürətlə inkişaf edir və iqtisadiyyatın ən dinamik istiqamətlərindən sayılır. Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası da bu sahələr üzrə yerli peşəkarların hazırlanmasına ehtiyac duyur. Rəssamlıq, musiqi, fotoqrafiya, bütün bu sahələr artıq rəqəmsal proqramlarla daha geniş tətbiq olunur. Müasir dizayn, kino və moda sənayesi də texnologiya üzərində qurulur. Tələbələr qrafik dizayn studiyaları, oyun sənayesi, reklam və media sahəsində peşəkar kimi yetişə biləcəklər. Kino və televiziya sektoru genişlənir, moda evləri yaranır, rəqəmsal musiqi istehsalı sürətlənir, sosial mediada kontent istehsalı artır. Bu sahələr artıq jurnalistikanın deyil, xüsusi ixtisaslaşmış kadrların fəaliyyət sahəsinə çevrilir. Yeni kurikulum, yəni kompetensiyaya əsaslanan yanaşma, yaradıcılıqla texnologiyanın sintezini özündə birləşdirir. Adobe Premiere kimi proqramlarla işləmək, rəqəmsal kamera və montaj bacarıqları, moda eskizi, tekstil dizaynı, elektron musiqi istehsalı, rəqəmsal portfolioların qurulması kimi praktiki bacarıqlar formalaşacaq. Şagirdlərin 60–70 faizi dərsləri praktik layihə və studiya şəraitində öyrənəcək. Pilot proqramların tətbiqi foto-video studiyalar, audio studiyalar və qrafik tabletlərlə təchiz olunmuş laboratoriyalar tələb edir. Bu, təhsildə ciddi bir sıçrayış yarada bilər. İncəsənət məktəblərinə maraq artacaq, kadr hazırlığı güclənəcək, universitetlərlə inteqrasiya formalaşacaq. Azərbaycanda kino, media, moda və rəqəmsal dizayn üzrə mütəxəssis çatışmazlığı uzun illərdir müzakirə olunur. Yeni pilot proqramlar bu boşluğu doldura biləcək real addımlardır. İxtisaslar əmək bazarının tələblərinə uyğundur. Proqram uğurlu olarsa, gələcəkdə universitetlər və peşə məktəbləri üçün daha hazırlıqlı abituriyent bazası formalaşacaq. Təbii ki, müəyyən çətinliklər də olacaq. Müəllim hazırlığı, müasir avadanlıq, proqram təminatı, müəllif hüquqları, elektron musiqi üzrə mütəxəssis çatışmazlığı və təhsil müəssisələrinin uyğunlaşdırılması kimi məsələlər həllini tapmalıdır. Pilot mərhələ bu problemləri müəyyən etmək və həll yollarını sınaqdan keçirmək üçün imkandır”.

 

Təhsil ekspertinin sözlərinə görə, yeni rəqəmsal ixtisasların tətbiqi yaradıcı sənayenin inkişafına, ixtisaslaşmanın genişlənməsinə, gənclərin rəqabətqabiliyyətli peşə sahibi olmasına və ənənəvi incəsənətin texnologiya ilə inteqrasiyasına şərait yaradacaq:

 

“Qəbul meyarlarına gəldikdə, ekspert hesab edir ki, bu ixtisaslar üzrə qabiliyyət imtahanı tətbiq edilə bilər. Hələ rəsmi açıqlama olmasa da, kompozisiya qurmaq, forma və proporsiya duyumu, işıq-kölgə hissiyyatı kimi bacarıqların qiymətləndirilməsi məqsədəuyğundur. Bundan əlavə, kreativ düşünmə, sadə dizayn yaratmaq, vizual görüntü hazırlamaq kimi bacarıqlar da nəzərə alına bilər. Rəqəmsal yönümlü proqram olduğuna görə kompüter bilikləri, yəni fayl yaratmaq, qovluq idarəetməsi, foto redaktəsi və qrafik tabletdən istifadə əhəmiyyətlidir. Elektron musiqi üzrə qəbul zamanı ritm duyumu və səs eşitmə qabiliyyəti kimi elementar tapşırıqlar yoxlanıla bilər. Bu proqram pilot xarakterlidir və geniş kütləni əhatə etməyəcək. Layihənin hansı regionlarda tətbiq ediləcəyi aidiyyəti qurumlar vasitəsilə müəyyənləşdiriləcək. Məlumata görə, bəzi regionlarda – Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan, Mil-Muğan – incəsənət məktəblərində təlimlər keçirilib. Çox güman ki, ilkin olaraq Bakı məktəbləri, sonra isə inkişaf etmiş region məktəbləri proqramda iştirak edəcək. Müəllim hazırlığı məsələsi Mədəniyyət Nazirliyinin öhdəsindədir. Rəqəmsal yönümlü təhsilə görə ənənəvi müəllim hazırlığı modeli tam uyğun gəlmir. Bu sahə üzrə yeni kadrlar – rəqəmsal dizayn, video montaj, elektron musiqi və s. hazırlanmalıdır. Ali təhsil müəssisələri ilə əməkdaşlıq da əhəmiyyətlidir. Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetinin laboratoriyaları, müəllim-tələbə əməkdaşlığı və təcrübə proqramları daha aktiv tətbiq olunmalıdır. Sahə mütəxəssisləri həm yerli, həm də xarici tədrisə cəlb edilməlidir. Onlayn resurslar və distant təlim platformalarının yaradılması da vacibdir. Bu yanaşma həm müəllim çatışmazlığını azalda, həm də tədris keyfiyyətini yüksəldə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər