00:00:00
Yazar
Admin User
16.12.2025 17:27 100 2 dəq oxuma
İqtisadiyyat

İnflyasiyanın gündəlik istehlak məhsullarının qiymətlərinə təsiri necə qiymətləndirilir?

İnflyasiyanın gündəlik istehlak məhsullarının qiymətlərinə təsiri necə qiymətləndirilir?

İnflyasiya gündəlik istehlak məhsullarının qiymətlərində davamlı artıma səbəb olaraq insanların alıcılıq qabiliyyətini zəiflədə bilir. Qiymət dəyişiklikləri xüsusilə ərzaq, nəqliyyat və kommunal xidmətlərdə daha çox hiss olunur.

 

 Mövzu ilə bağlı İqtisadçı Ekspert Elçin Rəşidov "İnformator.az"a öz fikirlərini bildirib. O qeyd edib ki, onlar inflyasiyanı yaradan tədbirləri yanlış şəkildə "anti-inflyasiya tədbirləri" kimi təqdim ediblər və təəssüf ki, bu yanaşmanı hökumətə və ictimaiyyətə qəbul etdirməyə nail olublar:

 

"Azərbaycanda həm cari il, həm də əvvəlki illər üzrə ərzaq inflyasiyası ümumi inflyasiyanı bir neçə faiz göstərici ilə üstələyir. Yəni, ərzaq inflyasiyası, ümumi inflyasiyadan və onun tərkibindəki qeyri-ərzaq inflyasiyasından daha yüksəkdir. Bu isə o deməkdir ki, ərzaq məhsullarının qiymət artımı daha sürətlidir. Buradan belə nəticə çıxır ki, əhalinin istehlak səbətində ərzağın çəkisi nə qədər çoxdursa, inflyasiya həmin qrup üçün bir o qədər ağır hiss olunur. Xüsusilə də, aztəminatlı ailələrin istehlak səbətində ərzaq məhsullarının payı daha yüksək olduğuna görə, inflyasiyanın təsiri bu qrupda daha kəskin hiss olunur. Hətta insanların istehlak səbətində ərzağın faiz payına əsasən onların sosial vəziyyəti haqqında müəyyən təxminlər aparmaq da mümkündür. Əgər bir şəxsin və ya ailənin istehlakında ərzağın payı yüksəkdirsə, bu, onun daha az gəlirli və dolayısı ilə daha yoxsul olduğunu göstərir. Deməli, Azərbaycanda ərzaq inflyasiyasının qeyri-ərzaq inflyasiyasından yüksək olması inflyasiyanın daha çox yoxsul təbəqəyə təsir etdiyini göstərir. Bu da sosial bərabərsizliklə bağlı mövcud fərqləri daha da dərinləşdirir. Hazırkı vəziyyət onu göstərir ki, ölkədə inflyasiya qiymət artımını daha çox yoxsul əhali hiss edir. Təəssüf ki, istehlak bazarında sabitliyi qorumaq üçün effektiv tədbirlər görülmür".

 

Müsahib qeyd edib ki, hazırda inflyasiyanın qarşısını almaq üçün ya yanlış, ya da əks tədbirlər görülür:

 

" İki il yarım əvvəl Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi ilə birlikdə "anti-inflyasiya tədbirləri" elan edib. Lakin həmin sənəddə göstərilən 9 tədbirin heç biri əslində inflyasiyanın qarşısını alan tədbir deyil. Əksinə, bu tədbirlər inflyasiyanı artıran amillər idi. Bu da Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyində iqtisadi savad səviyyəsinin aşağı olmasından irəli gəlir. Onlar inflyasiyanı yaradan tədbirləri yanlış şəkildə "anti-inflyasiya tədbirləri" kimi təqdim ediblər və təəssüf ki, bu yanaşmanı hökumətə və ictimaiyyətə qəbul etdirməyə nail olublar. Bundan əlavə, Mərkəzi Bankın da gördüyü tədbirlər kifayət qədər effektiv deyil. Hazırda ölkədə sabit məzənnə rejimi tətbiq olunduğu üçün Mərkəzi Bankın real inflyasiyaya qarşı addımlar atması çətindir. Hətta bəzi hallarda bankın siyasəti iqtisadi artımın qarşısını alır. Bu məsələlər mütəxəssislər vasitəsilə dəfələrlə ictimaiyyətə çatdırılıb və Mərkəzi Bank bu risklər barədə məlumatlıdır. Lakin buna baxmayaraq, eyni siyasət davam etdirilir ki, bu da ciddi narahatlıq doğurur".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər