"İnformator.az"
Jurnalistika fakültəsində oxuyan tələbələr üçün ən vacib mövzulardan biri nəzəriyyəni real həyatda tətbiq etməkdir. Hər zaman real redaksiya mühitinə daxil olmaq mümkün olmur. 2014-cü ildə yaradılan "İnformator.az" saytı isə biz tələbələrə məhz belə bir fürsət yaradır.
Saytın təsisçisi - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovadır. Onun bu sahədəki təcrübəsi və yanaşması sayəsində "İnformator.az" təkcə xəbər saytı yox, həm də tələbələr üçün böyük bir təcrübə platformasına çevrilib.
Burada biz real xəbər hazırlamağı, düzgün başlıq seçməyi praktiki şəkildə öyrənirik. Yazılarımız redaktə olunur, bizə düzəlişlər və tövsiyələr verilir. Bu da bizim həm yazı bacarığımızı, həm də jurnalist yanaşmamızı formalaşdırır.
"İnformator.az"-da təcrübə keçən bir çox tələbə sonradan İTV, AZTV və digər televiziya kanallarında çalışmağa başlayıb. Bu fakt özü göstərir ki, burada öyrənilən hər detal gələcək karyeramız üçün real üstünlüyə çevrilir.
Aynur Nəsirovanın rəhbərliyi və adminlərimizin dəstəkləri isə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onlar bizə istiqamət göstərir, səhvlərimizi izah edir, bizi peşəkar media mühitinə hazırlaşdırırlar. Yazılarımız saytda yayımlandıqda həm motivasiya alırıq, həm də daha məsuliyyətli işləməyə başlayırıq.
"İnformator.az" bizim üçün sadəcə təcrübə yeri deyil, jurnalistikaya açılan ilk real qapıdır. Burada qazandığımız bacarıqlar gələcəkdə bizi daha peşəkar və güclü edir. Belə saytların olması həm tələbələr, həm də Azərbaycan mediası üçün böyük bir qazancdır.
Aytən Əhmədova
