"İnsan anı yaşamaq əvəzinə onu necə təqdim edəcəyini düşünür" – Nabat Mirzəyeva
Müasir rəqəmsal mühitdə sosial şəbəkələr gənclərin həyat tərzinə və özünüqavrayışına ciddi təsir göstərən əsas amillərdən birinə çevrilib. Virtual platformalarda formalaşdırılan “mükəmməl həyat” görüntüləri isə çox zaman reallıqla üst-üstə düşmür və bu fərq gənclərin psixoloji vəziyyətində müxtəlif gərginliklər yaradır.
Psixoloq Nabat Mirzəyeva bu barədə "İnformator.az"-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təqdim olunan həyatla real həyatın müqayisəsi gənclərdə daxili konflikt formalaşdırır. Onun sözlərinə görə, bu proses zamanla özünə inamsızlıq və narazılıq hissinin yaranmasına səbəb olur:
“Gənclər sosial şəbəkələrdə gördükləri filtrdən keçirilmiş, seçilmiş həyatları öz reallıqları ilə müqayisə etdikcə, ‘mən kifayət qədər yaxşı deyiləm’ düşüncəsi formalaşa bilir. Bu isə özünə güvənsizlik, narahatlıq və hətta depressiv əlamətlərlə nəticələnə bilər. İnsan bir müddət sonra reallıqla gördüyü görüntülər arasında ziddiyyət yaşayır və bu da psixoloji gərginliyə gətirib çıxarır”.
Psixoloq qeyd edib ki, “like” və rəylər üzərindən dəyər ölçmək meyli də gənclərin özünüqiymətləndirməsinə mənfi təsir göstərir. Onun fikrincə, sosial qəbul olunmaq ehtiyacı bu davranışın əsas səbəblərindən biridir:
“İnsan paylaşdığı məzmunun gözlədiyi reaksiyanı almaması halında özünü dəyərsiz hiss edə bilir. Bu zaman o, öz dəyərini daxili hissləri ilə deyil, başqalarının reaksiyaları üzərindən ölçməyə başlayır. Nəticədə isə real özgüvən getdikcə zəifləyir və insan özünə olan inamını itirməyə başlayır”.
Həmçinin vurğulayıb ki, həyatın yaşanılması əvəzinə paylaşılmasına fokuslanmaq da emosional uzaqlaşmaya səbəb olur və bu hal davamlı xarakter aldıqda daha ciddi nəticələr doğura bilər:
“İnsan anı yaşamaq əvəzinə onu necə təqdim edəcəyini düşünür. Daim ‘çəkim və paylaşım’ düşüncəsi ilə hərəkət etdikdə isə yaşadığı anın hissini itirir. Bu da emosional əlaqələrin zəifləməsinə, səmimiyyətin azalmasına və hisslərin getdikcə sərtləşməsinə səbəb ola bilər”.
Rəqəmsal mühitin bu təsirlərindən qorunmaq üçün isə ilk növbədə şüurlu fərqindəliyin formalaşdırılması vacib hesab olunur. Sosial şəbəkələrin həyatın yalnız bir hissəsi olduğunu qəbul etmək və onların təsirini məhdudlaşdırmaq bu baxımdan mühüm addım kimi qiymətləndirilir:
“Sosial mediada sərhədlər qoymaq, orada keçirilən vaxtı məhdudlaşdırmaq və müəyyən fasilələr - detoks dövrləri etmək effektiv üsullardandır. Eyni zamanda daxili dəyər hissini gücləndirən fəaliyyətlərə yönəlmək, real ünsiyyət qurmaq və şəxsi inkişaf üzərində işləmək vacibdir. İnsan özünə ‘Mən bunu yaşamaq üçün edirəm, yoxsa paylaşmaq üçün?’ və ‘Bu mənə nə qatır?’ kimi suallar verməklə davranışlarını daha şüurlu şəkildə idarə edə bilər”.
Nəticə etibarilə, sosial şəbəkələr müasir həyatın ayrılmaz hissəsi olsa da, onların təsirini düzgün tənzimləmək əsas şərt kimi çıxış edir. Bu balans qorunduğu halda gənclər həm rəqəmsal imkanlardan faydalana, həm də real emosional həyatlarını sağlam şəkildə davam etdirə bilərlər.
Lalə Əhməd