Laika – İnsanlardan əvvəl Yer orbitinə çıxan sovet iti
1957-ci il noyabrın 3-də Sovet İttifaqı Laika adlı iti kosmosa göndərib. Beləliklə, Laika Yer orbitinə çıxan ilk canlı varlıq olub. Bu missiya SSRİ ilə ABŞ arasında gedən kosmik yarışın mühüm mərhələlərindən biri idi. Sovet alimləri insanları kosmosa göndərməzdən əvvəl uçuşun canlı orqanizmə təsirini öyrənmək məqsədilə küçələrdən topladıqları sahibsiz itləri xüsusi təlimlərə cəlb edib. Onlar əsasən dözümlü, sakit və asan öyrədilən dişi itləri seçib.
Laikanın uçuşu Sovet İttifaqının ilk süni peyki olan “Sputnik-1”in uğurlu buraxılışından cəmi bir ay sonra baş tutub. Missiyanın hazırlanması Sovet lideri Nikita Xruşşovun göstərişi ilə sürətləndirilib. Alimlər Laikanın kosmosdan sağ qayıtması üçün lazımi texnologiyanın olmadığını bilib. Buna baxmayaraq, noyabrın 3-də onu xüsusi kapsulla Yer orbitinə göndərib. Uçuşdan əvvəl Laika bir müddət alimlərdən birinin evində saxlanılıb və uşaqlarla vaxt keçirib.
Laika kosmosda cəmi 5–7 saat yaşayıb. Kapsulda temperaturun həddindən artıq yüksəlməsi və keçirdiyi stress onun ölümünə səbəb olub. Uzun müddət Sovet İttifaqı itin orbitdə bir neçə gün yaşadığını iddia etsə də, 2002-ci ildə onun uçuşdan bir neçə saat sonra öldüyü rəsmən açıqlanıb.
Laikanın ölümü beynəlxalq etirazlara səbəb olub. Böyük Britaniyada heyvan hüquqları müdafiəçiləri Sovet səfirliyi qarşısında etiraz aksiyaları keçirib. Sonrakı illərdə kosmik proqramlarda heyvanların Yerə sağ qaytarılması üçün xüsusi sistemlər hazırlanıb. 1960-cı il avqustun 19-da Belka və Strelka adlı iki it kosmosa göndərilib və missiyanı uğurla başa vuraraq Yerə sağ qayıdıb.
Laika sovet kosmik tədqiqatları tarixinin simvollarından birinə çevrilib. Onun xatirəsinə poçt markaları buraxılıb, Moskvada abidəsi ucaldılıb. Sovet kosmik proqramında çalışan alimlərdən Oleq Qazenkonun sonrakı açıqlamasına görə, Laikanın ölümü tədqiqatçılarda da dərin təəssüf hissi yaradıb. O, bu missiyanın nəticələrinin itin ölümünü əsaslandırmaq üçün kifayət etmədiyini etiraf edib.
Aydan Əsgərxanlı