00:00:00
Yazar
Admin User
02.02.2026 14:39 74 3 dəq oxuma
Maraqlı

İnsanlar niyə artıq tez bezir

İnsanlar niyə artıq tez bezir

Son illər cəmiyyətdə eyni fikir tez-tez səslənir: “Tez bezirəm”. İnsanlar işdən, insanlardan, münasibətlərdən, hətta sevdiyi məşğuliyyətlərdən belə qısa zamanda yorulduğunu deyir. Mütəxəssislər bu halı informasiya bolluğu, sosial şəbəkələrin təsiri, davamlı stress və gözləntilərin artması ilə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, əslində, bu düşündürən bir mövzudur:

 

“Biz düşünürük ki, son zamanlarda insanlar bezirəm deməyə başlayıblar. İnsanlar fərqindəlik yaşadıqca həyatlarını rutin yaşamaqdan bezirlər, yorulurlar. Tutaq ki, uzun illər əvvəl insanlar bir rutin istəyirdilər ki, stabil işləri olsun, stabil həyatları olsun, stabil evləri olsun. Yəni səhər dərsə, axşam evə və yaxud səhər işə, axşam evə belə bir rutinə can atırdılar. Stabilləşməyə, daha çox sanki həyatlarını bir çərçivədə görmək onlara rahatlıq gətirirdi.

 

İnsan fərqində olduqca, canlı olduğunu anladıqca, emosiyalarını analiz etdikcə və özü ilə məşğul olduqca anlayır ki, təkcə rutinlər onun həyatı üçün bəs etmir. Ona görə də insan özünü tapmağa can atır. Əgər insan bezirəm deyirsə, deməli, axtarışdadır. Buna pis baxmaq lazım deyil. Əksinə, bu bizi sevindirməlidir.

 

Bir insan bizə deyəndə ki, "mən bezirəm", "mən yoruluram",ona izah etmək lazımdır ki, deməli, özünü tapmalısan, buna vaxt ayırmalısan. Mütəxəssis yanına get və ya özün müstəqil şəkildə araşdırmalar et. Gör, ümumiyyətlə, hansı temperamentin nümayəndəsisən, səni sıxan, yoran nədir? Əslində hansı duyğular sənə ağırlıq edir? Hansı duyğulara ehtiyacın var?

 

Mən düşünürəm ki, insan fərqindədirsə ki, "mən bezmişəm", bu, heç də mənfi hal deyil. Bu, onun ünvanladığı insandan asılıdır ki, necə cavab alacaq. Əgər bir insan bizə bezmişəm deyirsə və ya biz özümüz bu hissə qapılırıqsa, deməli, fərqindəyik ki, olduğumuz vəziyyət bizi nədəsə qane etmir. Burada daha çox emosional dəyişikliklərdən söhbət gedir, çünki insan əsasən emosiyaları ilə qidalanır və bugünkü insan bunun fərqindədir.

 

Ümumiyyətlə, tükənmişlik yaşayan insanda "bezmişəm" ifadəsi meydana çıxmır. İnsan tükənmişlik yaşayırsa, daha çox susur və nə baş verdiyinin fərqinə varmır. Tükənmişlik çox vaxt depressiya ilə eyniləşdirilir, amma bunlar fərqli anlayışlardır. Depressiya yaşayan insanla tükənmişlik yaşayan insan arasında həm oxşar, həm də fərqli əlamətlər var.

 

Tükənmişlik insanın temperamentindən, psixoloji vəziyyətindən və psixoloji ümumilikdən asılıdır. Eyni rutin bəzi insanlar üçün rahatlıq, bəziləri üçün isə yorğunluq yaradır. Burada psixoloji yorğunluqdan söhbət gedir. İnsan psixoloji yorğunluq yaşadıqda tükənmişliklə üzləşir. Ona görə də mütləq mütəxəssisə müraciət olunmalıdır. Ən azından problemin nə olduğu dəqiqləşdirilməlidir. Problemi anladıqdan sonra insan özü ilə müstəqil şəkildə də məşğul ola bilər”.

 

Mövzu ilə bağlı gənc vətəndaş Mehriban Əzimova bildirib ki, özünü tez bezən insanlardan hesab edir və bunun əsas səbəbi həyatın həddindən artıq gərginləşməsidir:

 

"Gün ərzində həm iş, həm ailə, həm də maddi problemlər insanın üzərinə yığılır. Sosial şəbəkələrdə isə daim başqalarının "ideal" həyatını görürük və istər-istəməz öz həyatımızla müqayisə edirik. Bu da daxili narazılıq, yorğunluq və bezginlik yaradır. İnsan bir nöqtədə heç nədən həzz ala bilmədiyini hiss edir”.

 

Mövzu ilə bağlı tələbə Nuray Qədirli bildirib ki, oxumağa və gələcək planlara motivasiyası tez-tez azalır:

 

"Bir tərəfdən dərs yükü çoxdur, digər tərəfdən isə gələcəklə bağlı ciddi qeyri-müəyyənlik var. Diplomun iş tapmağa nə qədər kömək edəcəyi, zəhmətin qarşılığının olub-olmayacağı sual altındadır. Sosial şəbəkələr də diqqəti dağıdır, insanı tez bezdirir. Nəticədə plan qurmaq çətinləşir və motivasiya davamlı olmur”.

 

Yaşlı vətəndaşımız Müsənnif Quliyev isə bildirib ki, indiki insanların əvvəlkilərlə müqayisədə daha səbirsiz olmasının əsas səbəbi həyat tempinin sürətlənməsidir:

 

"Texnologiya hər şeyi asanlaşdırsa da, insanları tələskən edib. Əvvəllər bir iş üçün gözləmək, zəhmət çəkmək normal sayılırdı. İndi isə hər şeyin tez baş verməsini istəyirlər. Kiçik çətinliklər belə insanı bezdirir, çünki səbr anlayışı getdikcə zəifləyir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər