00:00:00
Yazar
Admin User
01.11.2023 13:28 474 4 dəq oxuma
Sosial

İnsanlar sevməyi musiqi ilə öyrənməlidir.

İnsanlar sevməyi musiqi ilə öyrənməlidir.

“Musiqinin insan həyatında, onun psixologiyasında, fiziologiyasında belə mövcud olan rolu danılmazdır. Hazırda günümüzdə musiqi terapiyası fəaliyyət göstərir. Musiqi terapiyasının tətbiq qaydasını, onu kimlərin tətbiq edə biləcəyini isə dünya musiqi terapi assosiasiyası tənzimləyir. Musiqi terapiyası Avropa ölkələrinin xəstəxanalarında artıq tətbiq olunur”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova söyləyib. Onun sözlərinə görə, son bir neçə ildir ki, Türkiyədə də musiqi terapevtləri yetişdirilir, onların klinikalarda fəaliyyəti reallaşdırılır.

 

“Musiqini nəinki dinləmək, onu ifa etmək belə insan beyninin yarımkürəsini dəyişir. İfaçı beyni görüntü olaraq belə, ifa səsləndirməyən insanlardan daim fərqlənir. Dinlənildiyi zaman fayda verən musiqilər qədər, ziyanlı mahnılar da var. Hər janrın tərkibində estetik və qeyri-estetik musiqilər fəaliyyət göstərir. Estetik musiqilər bizə mənəvi cəhətdən xoş təsir, müsbət duyğular, fikirlər, hisslər aşılayan mahnılardır. Qeyri-estetik musiqilər isə bizə özümüzü yaxşı hiss etdirməyən, yaxşı mesajlar verməyən, daha çox depressiv yönümlü mahnılardır”.

 

Bahar Bəylərova-Ələkbərova deyir ki, bu onu deməyə əsas vermir ki, qəmgin hiss etdirən bütün mahnılar qeyri-estetikdir.

 

“Xeyr, qəmgin musiqinin belə özlüyündə müəyyən qanunauyğunluqlar var. İnsan özünü qəmgin hiss edən zaman təbii ki, lirik musiqi dinləyəcək. Əvvəllər hicran mahnılarını dinləyəndə istər musiqi, istərsə də mahnı sözləri cəhətdən ayrılıq insanı uca hiss etdirən bir amil kimi qiymətləndirilirdi. Köhnə mahnılarda ifaçılar incidiyini, ayrıldığını incə bir şəkildə ifadə edə bilirdilər”.

 

Musiqişünas düşünür ki, indiki mahnıların içəriyi insanlara şiddət aşılayır.

 

“Müasir dövr musiqiləri sevgini çox çirkin hala salır. Halbuki, musiqi sevginin ən gözəl halıdır. Şairlər sevgi acısını yaşayanda belə ya şeir yazardılar, ya da ayrılıqla əlaqədar musiqi bəstələyərdilər. Musiqi bütün duyğuları gözəl şəkildə yaşamaq üçün bir vəsilədir. Amma o da bzim seçdiyimiz musiqilərdən asılıdır. Mən düşünürəm ki, musiqi tərbiyəsi insanın valideynlərindən başlayır. Kodali adlı Macar bəstəkarı deyirdi ki, mən əvvəl elə bilirdim ki, bir uşağın musiqi tərbiyəsi doğumundan 9 ay öncə başlayır. Amma mən indi belə düşünürəm ki, musiqi tərbiyəsi uşağın anasının doğumundan 9 ay öncə başlayır. Musiqi dinləmək, onu zövqə görə seçmək anamızın analarından belə bizlərə gələn irsdir. Tətqiqatlar deyir ki, uşağın ana bətnində musiqi yaddaşı da olur”.

 

B.Bəylərova-Ələkbərova qeyd edir ki, ana bətnindən gözəl musiqilər dinləmək, uşaq dünyaya gəldikdən sonra ana səsindən laylay ifası uşağın emosiyalarında özünəməxsus rol oynayır.

 

“Laylay anaların öz səsləri ilə övladlarına qarşı duyğularını ötürməsidir. Məsələn, ana durub övladına desə ki, səni çox istəyirəm, uşaq bunu anlamayacaq. Amma səsin intonasiyasından müəyyən informasiya duyğusu əldə edəcək. Uşaqlara balacalıq zamanlarında mümkün qədər ana laylası dinlədilməlidir. Heç bir halda musiqilər onlara telefonla dinlədilməməlidir”.

 

Müsahib deyir ki, məktəbəqədər təhsil müəssisəsində müəllimlər musiqinin mahiyyətini anlamalıdır.

 

“Öyrənmə prosesində musiqidən istifadə, uşaqların musiqi, ritim duyumu, estetik tərbiyəsi, xor ifası özünüdərki, kollektivliyə uyğunlaşması və s. xüsusiyyətlər nəzərə alınmalıdır. Məktəbəqədər müəssisələrdə uşaqlara oxunan mahnılara olduqca diqqət edilməlidir. İnsanlar sevməyi musiqi ilə öyrənməlidir. Çünki ruha xitab edən başqa bir şey yoxdur. Musiqi qulaqdan beyinə, ürəyə süzülür. Vətən, ana, insan, təbiət sevgiləri belə musiqi ilə tərbiyə edilməlidir. Məsələn, kiməsə vətənini sev desən, o, səni anlamayacaq. Amma vətən mahnısı ilə bu duyğunu ona hiss etdirmək mümkündür”.

 

Psixoloqun sözlərinə görə, məktəblərdə ibtidai siniflərdə təəssüf ki, indi musiqini fənn müəllimləri keçir.

 

“Düşünürəm ki, fənn müəllimlərinin bu barədə yetəri qədər bilgisi, savadı yoxdur. İbtidai sinif müəlliməsi musiqini tədris edə bilməz. Musiqinin tədrisinə görə məktəbdə müəllimlər fərqlidir. Yeniyetməlikdə isə şagirdlərə musiqi dərsi keçilmir. Hal belə olduqda da uşaqlar musiqiyə maraq bəsləmirlər. Yeniyetməlik beynin formalaşdığı, sevgi hisslərinin, məsuliyyətlərin yaranmağa başladığı dövr-böhran dövrüdür. Musiqi dərslərini tədris etməklə yeniyetmələrin böhran dövrünü yaxşı bir qaydada keçirmək olar. Musiqi eyni zamanda estetik bir tərbiyədir. Psixologiya ilə musiqinin birləşiminin isə xüsusi əhəmiyyəti var. Yuxarı yaşlara çatanda da bu barədə nə əkmişiksə, onu da biçirik”.

 

Bahar Bəylərova düşünür ki, insan ən çox musiqi dinləyəndə xəyal qurur.

 

“Bizim dinlədiyimiz musiqilər əslində, xəyallarımızı formalaşdırır. Ona görə də gözəl hiss etdirən musiqi dinləmək lazımdır ki, gözəl xəyal da qura bilək. Gözəl həyat yaşamaq üçün gözəl musiqi dinlənilməlidir”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər