00:00:00
Yazar
Elmira Ağayeva
16.11.2026 11:39 190 3 dəq oxuma
Araşdırma

“İnsanyönümlü şəhərlər” hakatonunun qalibləri müəyyənləşib

“İnsanyönümlü şəhərlər” hakatonunun qalibləri müəyyənləşib

 

Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb. Hakatonda gənclər süni intellekt və müasir texnologiyaların imkanlarından istifadə etməklə şəhər mühitinin inkişafına dair innovativ layihələr hazırlayıb, ən yaxşı təşəbbüslər üzrə qaliblər müəyyənləşib.

11–13 noyabr tarixlərində təşkil olunan hakatonun əsas məqsədi gənclərin şəhərsalma sahəsinə dair yaradıcı və innovativ ideyalarını üzə çıxarmaq, mövcud şəhər problemlərinin texnoloji həll yollarını təşviq etmək, eləcə də perspektivli layihələrin gələcəkdə startap təşəbbüslərinə çevrilməsinə dəstək göstərmək olub.


Təşəbbüs, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın prioritetlərinə uyğun olaraq, gənclərin innovativ potensialının inkişaf etdirilməsinə, süni intellekt sahəsində yeni ideya və həllərin hazırlanmasına, ölkədə bu istiqamətdə ekosistemin gücləndirilməsinə töhfə verməyi hədəfləyib.

Hakatonun noyabrın 11-də keçirilən ilkin mərhələsində 25 komanda beş əsas istiqamət üzrə çalışıb. İştirakçılar ictimai məkanlar və şəhər həyatı, inklüzivlik və əlçatanlıq, piyada və dayanıqlı mobillik, yaşıl şəhər, eləcə də ağıllı şəhər mövzularında layihə təşəbbüsləri hazırlayıblar. Bu prosesdə komandalara mentorlar dəstək göstərərək ideyaların formalaşdırılmasına və təkmilləşdirilməsinə kömək ediblər.


 

Mentorların qiymətləndirməsinin nəticələrinə əsasən, hər istiqamət üzrə iki komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb. Dəyərləndirmə zamanı layihələrin innovativliyi, şəhər infrastrukturunun təkmilləşdirilməsinə verə biləcəyi töhfə, praktiki tətbiq imkanları və dayanıqlı inkişaf perspektivləri əsas meyarlar kimi nəzərə alınıb.

Noyabrın 13-də keçirilən final mərhələsində komandalar ilkin mərhələdə formalaşdırdıqları ideyaları daha da inkişaf etdirərək münsiflər heyətinin qarşısında təqdim ediblər. Təqdim olunan layihələrin qiymətləndirilməsinin nəticələrinə əsasən, “NeuraCity” komandası birinci, “Humanİz” komandası ikinci, “Zəngəzur” komandası isə üçüncü yerə layiq görülüb.

Final mərhələsinin bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini – baş memar Cahangir Məmmədrzayev çıxış ediblər.

Çıxışlarda gənclərin şəhərlərin gələcək inkişafında fəal iştirakının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, bu cür təşəbbüslər gənclərin bilik və bacarıqlarını praktiki müstəvidə nümayiş etdirmələrinə, şəhərsalma sahəsində mövcud çağırışlara yaradıcı yanaşmalar formalaşdırmalarına və innovativ ideyalarını reallaşdırmaq üçün imkanlar əldə etmələrinə şərait yaradır.

Mərasimin sonunda birinci, ikinci və üçüncü yerlərin qalibi olan komandaların üzvləri mükafatlandırılıb və tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “İnsanyönümlü şəhərlər” hakatonuna 600-ə yaxın gənc müraciət edib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

#hakatonunun #yeni #qalibləri #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər