00:00:00
Yazar
Admin User
03.02.2026 14:41 55 3 dəq oxuma
Maraqlı

İnstagram Azərbaycanda bazar payının yarıdan çoxunu itirib

İnstagram Azərbaycanda bazar payının yarıdan çoxunu itirib

Ötən ay Azərbaycanda sosial media bazarında “Facebook” 28,88 % payla lider olub. “YouTube”un payı 22,62 %, “Instagram” isə 21,11 % təşkil edib. Beləliklə, Instagram ardıcıl olaraq 2 ay bazar payını itirir və ümumilikdə 54 % azalma qeydə alınıb. “Pinterest” və “X” sosial şəbəkələri isə sırasıyla 10,99 % və 6,96 % payla ilk beşlikdə qərarlaşıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, düşünürəm, Instagram sosial şəbəkəsinin populyarlığının azalmasında bir neçə səbəb var:

 

"İlk növbədə Instagramın alqoritmlərinin dəyişilməsidir. Bundan başqa, Instagram musiqilərə və görüntülərə çox ciddi şəkildə senzura tətbiq edir və demək olar ki, hansısa bir post paylaşanda onun musiqisi müəllif hüquqlarına görə qorunur və bu post dünyanın demək olar ki, əksər ölkələrində insanlara göstərilmir. Bu, təbii ki, Instagramdan insanların soyumasına gətirib çıxarır. Çünki bir istifadəçi hansısa bir mahnı, musiqi paylaşır və onu Instagram bloklayanda, ikinci dəfə bunu etmir. Bundan başqa, Instagramın alqoritmləri çox çətin qurulub. Orada profil və ya səhifə artırmaq və yaxud çox insanı əhatə etmək artıq demək olar ki, mümkünsüzləşib. İnsanlar artıq yeni səhifələri, yeni profilləri görə bilmirlər. Bu da Instagramda məşhurlaşmaq istəyən, səhifəsini artırmaq istəyən həm şirkətlərə, həm də fərdi şəxslərə çox ciddi ziyan vurur və onlar sosial şəbəkədən artıq az istifadə etməyə başlayırlar. Bu, təkcə Instagrama aid deyil, Facebookda da belədir. Facebook sosial şəbəkəsi də artıq Azərbaycanda sürətlə istifadəçilərini itirir. Baxmayaraq ki, hazırda statistikada istifadəçi sayına görə birinci yeri tutur. Amma Azərbaycanda hazırda ən çox istifadə olunan sosial şəbəkə Tik-Tokdur və artıq Tik-Tokun 8 milyondan çox azərbaycanlı profili var. Bu düşünürəm ki, çox ciddi bir rəqəmdir və Instagramın, digər sosial şəbəkələrin populyarlığının azalmasının əsas səbəbi məhz Tik-Toka olan axındır. Və təbii ki, media subyektləri də bu məsələdə çox şey itirirlər. Çünki bilirsiniz ki, Instagramda xəbər səhifələri də aktiv şəkildə fəaliyyət göstərirlər. Onlar da artıq hansısa bir posta az insanın baxdığını gördükdə, təbii ki, digər sosial şəbəkələrə üz tuturlar və bu da Instagramın populyarlığını itirməsinə gətirib çıxarır. Bundan başqa, son dövrdə şahid oluram ki, Instagramda məşhurlaşan influenserlər də artıq Tik-Toka transfer olunublar. Artıq daha çox orada paylaşım edirlər. Dediyim səbəblərlə bağlıdır bunların hər biri. Artıq Instagram bunu dərk etməlidir ki, o, qlobal bazarda Tik-Toka məğlub olub.

 

Facebookun 28,8 % aktuallıq əldə etməsi, düşünürəm ki, çox kiçik bir rəqəmdir. Çünki biz əvvəl bu rəqəmin 50–60 %-dən üstün olduğunu görürdük. Amma artıq Instagram demək olar ki, Azərbaycanda 2,5 dəfə öz populyarlığını itirib və digər sosial şəbəkə olan Pinterest Azərbaycanda kütləvi olaraq istifadə olunan sosial şəbəkə deyil. Bu baxımdan da, təbii ki, istər media strategiyalarında, medianın növbəti illərdə fəaliyyətini qurmaq baxımından sosial şəbəkələrin populyarlığını itirməsi, xüsusilə Instagram və Facebookun populyarlığını itirməsi artıq onların da həmin sosial şəbəkələrdə xəbər istehsalını azaldacaq və digər sosial şəbəkələr daha da ön plana çıxacaq.

 

Bu baxımdan xəbər istehsalı və xəbər yayımı üçün bu dəqiqə Azərbaycanda xəbərləri daha çox insanlara göstərən sosial şəbəkələr Tik-Tok və Telegramdır. Artıq Facebook və Instagram öz populyarlığını itirir və düşünürəm ki, Meta şirkəti yaxın zamanlarda bununla bağlı bir tədbir görməsə, yaxın illərdə biz artıq Instagram və Facebookun da kütləvi şəkildə azalmalarının şahidi olacağıq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər