İnvestisiya artımı və iqtisadi reallıq: Azərbaycanda inkişafın sürəti gözləntiləri qarşılayırmı?
Azərbaycanda iqtisadi inkişafın əsas göstəricilərindən biri əsas kapitala yönəldilən investisiyaların həcmi və dinamikasıdır. Cari ilin yanvar-fevral aylarında bu sahədə müşahidə olunan artım ölkədə iqtisadi fəallığın yüksəldiyini və investisiya mühitinin genişləndiyini göstərir. Belə ki, qeyd olunan dövrdə əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya qoyulmuş, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % artım deməkdir. Xüsusilə, neft-qaz və qeyri neft-qaz sektorlarında investisiyaların artımı, eləcə də vəsaitlərin istehsal, xidmət və tikinti sahələri üzrə bölüşdürülməsi ölkə iqtisadiyyatının struktur inkişafını əks etdirir. Bu göstəricilər investisiya siyasətinin prioritet istiqamətlərini və iqtisadi artımın əsas mənbələrini təhlil etmək üçün mühüm əsas yaradır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında deyib ki, investisiyaların artması ümumi daxili məhsulun artımına təsir göstərir:
“İnvestisiyalar ümumi daxili məhsulun artım həcmini artırır, həm də yeni iş yerlərinin açılmasına təsir göstərir. Amma ümumiyyətlə, son illər ölkə iqtisadi artımı proqnozlaşdırılan səviyyəni tuta bilmir. Elə bu il yanvar-fevral aylarında da proqnozların altında iqtisadi artım müşahidə olunur. Bu investisiyalar iqtisadi artıma müsbət təsir göstərən, yeni iş yerlərinin açılmasında rol oynayan komponent olsa da, görünən odur ki, iqtisadi artımı nəzərdə tutulan sürətdə təmin etməyə gücü çatmır”.
Mehriban Yariyeva