İqtisadi Şurada biznes mühiti və hüquqi islahatlar müzakirə olunub
Nazirlər Kabinetinin məlumatına görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib. İclasda sahibkarlıq fəaliyyətində maneələrin aradan qaldırılması, məhkəmə-hüquq sistemi və dövlət satınalmaları sahəsində qaldırılan məsələlər müzakirə olunub. Müzakirələrin yekununda normativ-hüquqi aktlara dəyişikliklərin hazırlanması və aidiyyəti qurumlara tapşırıqlar verilməsi qərara alınıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, müəyyən biznesə yardım edən bir addımlar atmalıdırlar:
“Birincisi, alınan qərarların nədən ibarət olacağını gözləmək lazımdır. Biz də uzun illərdir bu haqda danışırıq ki, hüquq-mühafizə, məhkəmə orqanları biznesin önünü açmalıdırlar, biznesin yanında durmalı, yardım etməlidirlər. Dövlət satınalmalarında isə dövlət, belə deyək, sifarişlərində kiçik və orta sahibkarlığın inkişafı-istifadəsi, onların cəlb olunması multiplikativ effekt yaradır. Yəni onların cəlb olunması daha çox iş yerlərinin, daha çox insanların bu sahədə cəlb olunmasına səbəb olur. Amma indi qərarlarla bağlı bir məlumat yoxdur. Hələlik məsələ müzakirə olunur və doğru məsələlər qoyulub, əslində bu məsələlər çoxdan həllini tapmalı idi. Amma hansı formada həll olunacaq, hansı qərarlar alınacaq, bununla bağlı hələ ki, məlumat yoxdur. Orada, məlumatda belə bir ifadə var ki, tapşırıqlar verilib ki, müvafiq qanunvericilik dəyişiklikləri olsun. İndi o qanunvericilik dəyişiklikləri hansı formada olacaq, hələ ki onunla bağlı məlumat yoxdur, amma istiqamət doğrudur. Doğrudan da, həm hüquq-mühafizə, həm məhkəmə sistemi müəyyən biznesə yardım edən bir addımlar atmalıdırlar. İndi hansı mexanizmlər yaradılacaq, bu hələlik bilinmir. Yəqin ki, yaxın bir-iki ayda bununla bağlı yeni xəbərlər, yeni qərarlar olacaq”.
Aydan Əsgərxanlı
