İrəvan Aİİ üstünlüklərini itirə bilər- Tolstoydan sərt mesaj
Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Ermənistanın son dövrdə Moskva əleyhinə mövqeyi, rus dilinə qarşı addımlar və Qərblə yaxınlaşmasının nəticəsiz qalmayacağını bildirib. Onun sözlərinə görə, bu siyasət davam edərsə, İrəvan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi üstünlükləri itirə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İrəvan və Moskva arasında münasibətlərin gərginləşəcəyi gözlənilir:
“Rusiya əsasən Ermənistandakı seçkilərdə öz namizədini hakimiyyətə gətirməyi planlaşdırır. Hətta seçki ərəfəsində kütləvi iğtişaşlar, təxribatlar da gözlənilir. Ermənistan uzun müddət Rusiyanın aləti kimi istifadə olunub. Bunu erməni siyasiləri rəva görüb. Heç zaman müstəqil qərar qəbul etməyiblər. Elə Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginliyi, münaqişələr də Moskvanın diktəsi ilə baş verib. İndi isə qəfildən Rusiyanın orbitindən çıxıb Qərbə istiqamət almaq Moskva vasitəsilə qəbul edilmir. Rusiya və Ermənistan arasında münasibətlərin normallaşması yalnız seçkidən sonrakı mərhələyə aiddir. Hazırda bunu gözləmək sadəlövhlük olardı. Xüsusən, Rusiya rəsmilərinin mütəmadi olaraq Ukraynanı xatırlatması və Ermənistanın da eyni aqibətlə qarşılaşa biləcəyinin anonsunu verməsi növbəti mərhələdə siyasi gərginliyin artacağını göstərir. Ermənistanın sülh yolu ilə addımlaması və Qərbə doğru yönəlməsi Rusiyadan asılılığı azaldır və bu, iqtisadi yöndə də özünü göstərir. Ermənistana qarşı xüsusən Avrasiya İqtisadi İttifaqı ilə bağlı təhdidlər onun iqtisadi bazasına zərbə vurmaq məqsədi güdür. Lakin Ermənistanın sülh müqaviləsi çərçivəsində Azərbaycan və Türkiyə ilə münasibətlərinin nizama düşməsi zəminində yaranan alternativ imkanları Moskvanın təhdidlərindən doğacaq problemlər riskini minimuma endirir. Regionda yeni reallığın yarandığını Moskva qəbullanmaqda çətinlik çəkir. Artıq hər kəslə müharibə, təhdid dili ilə danışmaq onun özü üçün mənfi nəticələr doğurur. Ukrayna məsələsi buna misaldır. Ona görə Rusiyanın Ermənistana təzyiqlərinin bütün regiona və regiondakı maraqlara qarşı təhdid kimi qiymətləndirilməsi də mümkündür. Əgər dolayı yolla Azərbaycanla sülh prosesinə müdaxilə hesab olunarsa, regional gərginlik yenidən arta bilər. Bu da yenə Rusiyanın özü üçün arzuedilməzdir. Çünki sülh prosesinin normal davamiyyətində maraqlı olan ABŞ və digər Qərb ölkələrinin təzyiqi, hətta sanksiyaları ilə üzləşə bilər. Rusiyanın təhdidlərinə baxmayaraq, İrəvan balanslı siyasət yürütməyə çalışır. Amma seçki öncəsi təhdidlərin artması erməni əhali arasında psixoloji təsir vasitəsi kimi həyata keçirilir. Nikol Paşinyanın rəqiblərinin timsalında Rusiya əhali arsında sanki hakimiyyətin dəyişə biləcəyi şübhəsini yaradır. Ona görə indidən bu yolla Köçəryana bir növ dəstək nümayiş etdirir. Seçki yaxınlaşdıqca bu gərginlik pik həddə çatacaq. Hətta Moskvanın hərbi müdaxilə görüntüsü yaratması da mümkündür. Bu, əhalinin Rusiyanın namizədi ətrafında birləşdirilməsi üçün cəhd kimi reallaşacaq. Lakin bütün bunların fonunda hazırkı baş nazirin komandasının qazanması şübhəsizdir. Burada Qərbin rolu, regiondakı sülh prosesi və digər iqtisadi layihələrin reallaşa bilməsi məsələsi var ki, bunda maraqlı olanlar daha çoxdur. Eyni zamanda, Rusiyanın təhriki ilə ermənilərin daima qonşu xalqlarla münaqişə vəziyyətində qalması artıq cəmiyyəti ayıldır. Xüsusilə, rus dilinin məhdudlaşdırılması da bununla bağlıdır ki, Rusiyanı narahat edən də əsasən budur”.
Gövhər Mehyəddinova