İran-ABŞ danışıqları: "Hər iki tərəf də istədiyini əldə edə bilmir"- ŞƏRH
İran və ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik təmaslar yenidən intensivləşir. Məlumata görə, tərəflər arasında növbəti texniki danışıqların Pakistanda və ya İsveçrənin Bürgenstok şəhərində keçirilməsi nəzərdən keçirilir. Görüşdə İranın nüvə proqramı, Tehrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması, İranın xaricdə dondurulmuş aktivlərinin taleyi, eləcə də Hörmüz boğazında təhlükəsizliyin qorunması və Yaxın Şərqdə atəşkəsin davam etdirilməsi kimi mühüm regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, İran-ABŞ münaqişəsində bugünkü danışıqlar hələ tam olaraq yerinə oturmayıb:
“Görürük ki, burada qarşılıqlı ittihamlar və sövdələşmələr gedir. Yəni, hər zaman bir problem çıxır ki, bu sövdələşmələr, məsələlər tam olaraq öz həllini tapa bilmir. Pakistanda olan görüşlərin də bir nəticəsi hələ ki, olmayıb və tam olaraq istənilən nəticə əldə edilməyib. Paket razılaşmalar oldu və bu paket razılaşmalar üzərində də, belə deyək ki, danışıqlar gedir. İmzalanma oldu, amma hələ də yalnız onlayn şəkildə baş tutub, üz-üzə gəlib bunun tamamilə imzalanması baş verməyib. Bu da o deməkdir ki, hələ məsələ tam olaraq aydınlaşmayıb. Hər iki tərəf də, belə deyək ki, istədiyini ala bilmir".
Politoloq qeyd edib ki, məsələ ilk növbədə ondan ibarətdir ki, İran öz ölkəsini bütün variantlarla qorumağa çalışır:
"Birincisi, təhlükəsizliyini, ikincisi isə nüvə silahı ilə bağlı olan məsələni tənzimləməyə çalışır və bildirir ki, bu nüvə silahı ümumiyyətlə yoxdur. Bu da aydın oldu ki, ümumiyyətlə nüvə silahı yoxdur. Sadəcə olaraq, burada Amerikanın verdiyi dezinformasiyalarla bağlı bu məsələlər ətrafında böyük müzakirələr gedir.Nüvə silahı ilə bağlı Amerika və İsrailin təhdidi fonunda Amerika bəzi məqamları həddən artıq qabardır. İsrailin bu məsələdə müqavilənin imzalanmamasında və mübahisəli məsələlərin tamamilə bitməməsində çox böyük rolu var. Bu da, təbii ki, razılaşmanın hələ ki, tam olaraq imzalanmasını mümkün etmir. Danışıqlarda Vensin iştirakı ilə və İranın rütbəli şəxslərinin iştirakı ilə görüşlər keçirilir və yenə də Pakistanda bir görüşün keçirilməsi nəzərdə tutulur. Ancaq bu, demək deyil ki, bu razılaşma yüzdə yüz bu gün əldə olunacaq. Çünki siyasi baxımdan bu razılaşmanın tam olaraq əldə olunmamasına çalışan İsrail var ki, bu da, əslində, böyük rol oynayır. Danışıqların Pakistanda keçirilməsi alternativ bir variant olaraq dəyərləndirilir. Pakistan ümumiyyətlə müsəlman dövlətləri arasında ən güclü dövlətlərdən biridir. Burada keçirilməsi hər iki tərəfi də qane edir. Həm Şərifin özünün, belə deyək də, hər iki tərəflə olan yaxşı münasibətləri də bunda rol oynayır. Əsas mövzu da, təbii ki, yenə dediyim kimi, həm uranın zənginləşdirilməsi, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Hörmüz məsələsidir ki, hələ onun da müzakirəsi tam başa çatmayıb və tam işlək formaya gətirilib çıxarılmayıb. Halbuki işləyir, ancaq istənilən kimi işləmir. Orada bəzi nüanslar var ki, o nüanslar, yəni Hörmüzdən keçən gəmilər və s., bunların hər biri müzakirə olunmalıdır",- deyə Ramiyə Məmmədova fikrini tamamlayıb.
Mehriban Yariyeva