İran ABŞ ilə danışıqlar üçün 5 şərt irəli sürdü - Tehran hansı mesajı verir?
İran ABŞ ilə münasibətlərin yenidən müzakirə masasına qayıtması üçün beş əsas şərt açıqlayıb. “Fars” agentliyinin yaydığı məlumata görə, Tehran xüsusilə sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin qaytarılması və regional müharibələrin dayandırılması kimi tələblər irəli sürür. Ekspertlər hesab edir ki, bu şərtlər İranın həm siyasi, həm də iqtisadi mövqeyini gücləndirməyə hesablanıb. Bəs Vaşinqton bu tələblərə necə cavab verəcək və mümkün danışıqlar regiona nə vəd edir?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İranın ABŞ ilə mümkün danışıqlar üçün irəli sürdüyü beş şərt əslində Tehranın həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi mesajıdır:
“Məqsəd, İranın zəif tərəf kimi deyil, regional təsir imkanlarını qoruyub saxlayan, şərt diktə edə bilən aktor kimi çıxış etdiyini göstərməkdir. Xüsusilə sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin qaytarılması və regional münaqişələrin, yəni İsrailin Livan istiqamətində hücumlarının dayandırılması kimi tələblər İranın uzun müddətdir davam edən və son olaraq da ABŞ-nin hücumları və tətbiq etdiyi dəniz blokadası ilə daha da ağırlaşan iqtisadi və təhlükəsizlik problemlərindən çıxış yolu axtardığını göstərir. Bu şərtlərin nə dərəcədə real olmasına gəldikdə isə, onların hamısının tam şəkildə qəbul olunması hazırkı mərhələdə çətin görünür. İran iqtisadi baxımdan ciddi təzyiq altındadır. ABŞ sanksiyaları ölkənin enerji ixracını, bank sektorunu və beynəlxalq maliyyə əlaqələrini məhdudlaşdırıb. Tehran anlayır ki, iqtisadi vəziyyətin sabitləşməsi üçün Vaşinqtonla müəyyən anlaşma zəruridir. Buna görə də irəli sürülən şərtlər əsasən maksimalist xarakter daşıyır və gələcək danışıqlarda bazarlıq mövqeyi yaratmağa hesablanıb. ABŞ-nin bu tələblərdən hansılarısa qəbul etməsi isə pronsipcə mümkündür, amma təbii ki, tam paket şəklində yox. Vaşinqton müəyyən humanitar və maliyyə yumşalmalarına gedə bilər. Məsələn, İranın Hörmüz blokadasını götürməsi və saflaşdırılan uranı təhvil verməsi şərti ilə bəzi dondurulan aktivlərinin məhdud şəkildə istifadəsinə icazə verilməsi və ya müəyyən sanksiyaların yumşaldılması variantlarına gedilə bilər. Lakin Vaşinqtonun İranın bütün sanksiyaların ləğvi və regional siyasətinə müdaxilə edilməməsi tələblərini qəbul etməsi mümkün görünmür. Çünki ABŞ üçün əsas problem yalnız İranın nüvə proqramı deyil. Vaşinqton Tehranın Yaxın Şərqdəki silahlı qruplarla əlaqələrini, raket proqramını və regional təsir siyasətini də təhlükə hesab edir. Bu səbəbdən ABŞ administrasiyası İranla mümkün anlaşmanı daha geniş təhlükəsizlik çərçivəsində görmək istəyir. Tehran isə əksinə, öz regional nüfuzundan geri çəkilmədən iqtisadi güzəştlər əldə etməyə çalışır. Hörmüz boğazı məsələsinin yenidən gündəmə gəlməsi də məhz bu geosiyasi təzyiq siyasəti ilə bağlıdır. Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas nöqtələrindən biridir. Qlobal neft daşımalarının böyük hissəsi bu marşrutdan keçir və İranın əlindəki ən mühüm strateji kartlardan biridir. Əslində Tehran özü də Hörmüz boğazını bağlı saxlamaqda tam maraqlı deyil. Çünki bu addımın qarşılığında tətbiq olunan dəniz blokadası İranın öz iqtisadi maraqlarına da ciddi zərbə vurur. Amma hazırda boğaz ətrafında gərginliyin saxlanılması İranın danışıqlarda təzyiq aləti kimi istifadə etdiyi mexanizmdir. Yəni Tehran göstərmək istəyir ki, İranı regional təhlükəsizlik sistemindən kənarda saxlamaq mümkün deyil. Odur ki, ABŞ-İran danışıqlarının bərpa olunması halında tərəflərin müəyyən güzəştləri ilə Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalması mümkün ola bilər. Xüsusilə enerji bazarları və regional təhlükəsizlik baxımından belə dialoq mühüm əhəmiyyət daşıyır. Lakin tərəflər arasında etimad böhranı o qədər dərindir ki, yaxın perspektivdə tammiqyaslı və davamlı razılaşma əldə olunması hələ də mürəkkəb görünür”.
Banuçiçək Məmmədova