00:00:00
Yazar
Aysel Mirzəyeva
06.03.2026 20:14 22 3 dəq oxuma
Siyasət

“İran Azərbaycanı heç bir zaman nə dost, nə də tərəfdaş kimi görəcək” - ŞƏRH

“İran Azərbaycanı heç bir zaman nə dost, nə də tərəfdaş kimi görəcək” - ŞƏRH

“Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir”, - deyə İlham Əliyev bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Azərbaycan-İran münasibətlərində gərginliyin əsas səbəblərindən biri siyasi və iqtisadi rəqabətdir:

 

“İlham Əliyevin İrana qarşı səsləndirdiyi bu fikirlər təkcə bu gün deyil. Zaman-zaman İranın Azərbaycana qarşı terror xarakterli hücumları, digər təxribat addımları və anti-Azərbaycan kampaniyaları səbəbsiz deyil. Ümumiyyətlə, Azərbaycan və İran dövlətləri içində olduqları siyasi reallıqlar səbəbilə əvvəllər də, bu gün də və gələcəkdə də ən azından rəqabət mühitində olan ölkələr olacaqlar. Bu rəqabət mühiti təəssüf ki, İranda mövcud olan anti-Azərbaycan milli-dini radikal yanaşmalar fonunda daha da sərtləşir və bəzən düşmən münasibətlərinə qədər gedib çıxır. Belə olan halda da iki ölkə arasında müxtəlif krizlərin yarandığını görmüşük, bu gün də görürük və gələcəkdə də görəcəyik. Çünki İran heç vaxt Azərbaycanı nə dost, nə tərəfdaş kimi görəcək, əksinə müxtəlif yollarla zərbə vurmağa çalışacaq. Ona görə də bu gün İranla Azərbaycan arasında kriz varsa, dünən olubsa və ya sabah olacaqsa, bunun səbəbi hansısa çıxışlar deyil. Xüsusən də İlham Əliyevin çıxışı sadəcə nəticə kimi ortaya çıxır. Yəni İrandan Azərbaycana qarşı təxribatlar olmasaydı, onların iç üzünü və reallıqları bu qədər açıq şəkildə ortaya qoymağa ehtiyac qalmazdı. Bu çıxışın İran-Azərbaycan münasibətlərinə təsirinə gəldikdə isə, mənə elə gəlir ki, İran daxilində Azərbaycana qarşı münasibətləri gərgin saxlamaq istəyən qruplara heç bir bəhanə lazım deyil. Onlar onsuz da Azərbaycana qarşı kampaniyalar aparırlar və bu reallıqdan imtina etmirlər. İranın Azərbaycana qarşı mövqe tutmasının əsas səbəbləri sırasında iki məqam xüsusilə önə çıxır. Birincisi iqtisadi-siyasi rəqabətdir. Azərbaycan regionda həm İran, həm də Rusiya üçün müəyyən mənada alternativ tranzit ölkəsi kimi çıxış edir. Orta dəhlizin inkişafı ilə Azərbaycan Avropa ilə Şərq bazarları arasında mühüm tranzit rolunu daha da gücləndirib və bu da İranın qəbul etmək istəmədiyi reallıqlardan biridir”.

 

Həmçinin ekspert qeyd edib ki, Azərbaycanın təhlükəsizliyi üçün strateji tərəfdaşlıqların artırılması vacibdir:

 

“İkinci səbəb isə tarixi, milli və ideoloji amillərlə bağlıdır. İranda bəzi qruplar sekulyar və hüquqi dövlət olan Azərbaycanı qəbul etmək istəmirlər. Eyni zamanda İran dövlətçiliyinin tarixində Azərbaycan türklərinin rolunun böyük olması kimi reallıqlar da müəyyən qruplarda qısqanclıq və radikal yanaşma yaradır. Bu səbəbdən müstəqil Azərbaycan dövləti onlar üçün bəzən bir təhdid kimi təqdim olunur.
Tarixdə İran-Turan qarşıdurmaları ilə bağlı ideyalar da müəyyən dairələrdə hələ də qalmaqdadır və bu düşüncə tərzi müasir dünyanın bərabərlik prinsiplərinə uyğun gəlmir. Halbuki bu gün bütün xalqlar bərabərdir və heç bir xalq digərindən üstün deyil. Azərbaycan-İran münasibətləri bu kimi nüanslar səbəbindən zaman-zaman zərbə alır. Azərbaycan tərəfi çalışır ki, təkcə İranla deyil, digər ölkələrlə də qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qursun. Lakin anti-Azərbaycan mövqeləri bu niyyətlərə ciddi təsir göstərir. Bu səbəbdən də gələcəkdə İranın belə addımlarının zaman-zaman təkrarlanması mümkündür və bu da münasibətlərin tam şəkildə normallaşmasına mane ola bilər. Regionda təhlükəsizlik baxımından Azərbaycanın atmalı olduğu addımlara gəldikdə isə, ölkə bütün tərəflərlə münasibətlərini qorumaqla yanaşı, strateji tərəfdaşlarının sayını artırmalıdır. Çünki nə qədər çox strateji tərəfdaş olarsa, Azərbaycanın təhlükəsizliyi də bir o qədər güclənər.
Müttəfiqlik münasibətləri baxımından Türkiyə kimi etibarlı tərəfdaş artıq mövcuddur və bu, Azərbaycanın xarici siyasətində mühüm rol oynayır. Bununla yanaşı, strateji tərəfdaşların sayının artması Azərbaycanın təhlükəsizliyini, iqtisadi əməkdaşlığını və diplomatik imkanlarını daha da genişləndirəcək. Bu isə yeni dünya nizamı şəraitində Azərbaycanın daha güclü dövlət kimi formalaşmasına töhfə verəcək”.


Arzu Poladova

#xəbər #baki #yeni #şərh #azərbaycanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər