İran gərginliyi fonunda “petrodollar” müzakirəsi: “petroyuan” real alternativ ola bilərmi?
“İnformator.az” BBC Türkçe-yə istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı mümkün hücum ehtimalı fonunda dolların qlobal əsas ehtiyat və ödəniş valyutası statusunun zəifləyə biləcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Məlumata görə, İran Hörmüz Boğazı üzərində nəzarəti gücləndirərək bəzi neft tankerindən ödənişləri Çin yuanı və kriptovalyuta ilə tələb etməyə başlayıb. Bu addım beynəlxalq enerji bazarında narahatlıq yaradıb və alternativ valyutaların rolu ilə bağlı sualları artırıb.
Hazırda qlobal neft ticarətinin təxminən 85%-i ABŞ dolları ilə həyata keçirilir. Rusiya, Çin və İran kimi ölkələr dolların dominantlığını azaltmağa çalışsalar da, bu göstərici uzun illərdir ciddi şəkildə dəyişməyib.
Valyuta ehtiyatlarında da oxşar vəziyyət müşahidə olunur. Dollar dünya ehtiyatlarının təxminən 60%-ni, avro isə 20%-ni təşkil edir. Çin yuanının payı isə cəmi 2% səviyyəsində qalır.
Ekspertlər bildirirlər ki, ABŞ-nin bu mövqeyi onun güclü iqtisadiyyatı, inkişaf etmiş maliyyə bazarları, hüquqi sabitliyi və sərbəst kapital hərəkəti ilə bağlıdır. Bununla yanaşı, Donald Trump-ın yenidən hakimiyyətə qayıtmasından sonra bu üstünlüklərin bir qisminin risk altına düşə biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.
Mütəxəssislərin rəyinə görə, yaxın perspektivdə “petroyuan”ın “petrodollar”ı əvəz etməsi real görünmür. Bununla belə, geosiyasi gərginliklər və enerji ticarətində alternativ ödəniş vasitələrinə marağın artması uzunmüddətli dövrdə qlobal maliyyə sistemində dəyişikliklərə səbəb ola bilər.