“İran iqtisadiyyatı Amerikanın və Avropanın sanksiyaları nəticəsində zəifləyib”- AÇIQLAMA
ABŞ Prezidenti Donald Trampın İran iqtisadiyyatının ağır böhran şəraitində olduğunu və ABŞ sanksiyalarının bu vəziyyətə ciddi təsir göstərdiyini bildirməsi beynəlxalq siyasətdə diqqətçəkən açıqlamalardan biridir. Onun səsləndirdiyi fikirlər ABŞ-İran münasibətlərində uzun illərdir davam edən gərginliyin iqtisadi və siyasi nəticələrini bir daha gündəmə gətirir. Xüsusilə, İrana qarşı tətbiq olunan sərt sanksiyaların ölkənin maliyyə sabitliyinə, valyuta bazarına və ümumi iqtisadi vəziyyətinə təsiri qlobal siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, İran iqtisadiyyatı Trampın bəyanat verib-verməməsindən asılı olmayaraq, çoxdan ciddi problemlərlə qarşılaşırdı:
“Bu ilin yanvarında İranda iqtisadi və valyuta mitinqləri olub, realın dəyərdən düşməsi və ciddi iqtisadi problemlər var idi. Hətta böyük iğtişaşlar yaşanırdı və minlərlə insanın iğtişaşlarda öldürülməsinə dair xəbərlər də yayılırdı.
Yəni, İran iqtisadiyyatı Amerikanın və Avropanın sanksiyalarının nəticəsində ciddi şəkildə zəifləyib, inkişaf tempi aşağı düşüb və ciddi sosial problemləri mövcuddur. İndi müharibədən sonrakı dövrdə Hörmüz boğazının bağlı qalması İrana ciddi mənfi təsirlər göstərir: ticarətinə də, valyuta gəlirlərinə də, iqtisadi göstəricilərinə də. Amma buna dözəcək ya dözməyəcək- bu, başqa sualdır. Çünki İran onillərdir bu vəziyyətdə yaşamağa öyrənib".
Mehriban Yariyeva