00:00:00
Yazar
Güllər Gülhüseynova
06.07.2026 17:21 25 2 dəq oxuma
Siyasət

İran və Qətər dəniz ticarətini bərpa edib

İran və Qətər dəniz ticarətini bərpa edib

Fars körfəzindən keçən ən qısa kommersiya dəniz yolu olan İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında gəmiçilik İranın Dohadakı səfirliyi və Qətər hakimiyyəti arasında əlaqələndirmədən sonra bərpa olunub.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki,  İran və Qətər arasında dəniz ticarətinin bərpa olunması mühüm prosesdir:

 

“Bir müddət əvvəl bu iki ölkə arasında münasibətlər kifayət qədər gərgin idi. İranın Qətərdə yerləşən ABŞ hərbi bazasına endirdiyi zərbə iki ölkə arasında gərginliyi pik həddə çatdırıb. Bu vəziyyət isə ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar fonunda yaranıb. Hazırda Yaxın Şərqdə hərbi-siyasi böhran tam aradan qalxmasa da, genişmiqyaslı hərbi əməliyyatlar dayandırılıb. Tərəflər mövcud problemlərin həlli üçün danışıqlar masası arxasında müzakirələri davam etdirirlər. Bu baxımdan İran və Qətər arasında dəniz ticarətinin yenidən bərpa olunması regionda həm iqtisadi əlaqələrin canlandığını, həm də hərbi-siyasi gərginliyin müəyyən qədər azaldığını göstərən mühüm göstəricidir. Bu proses Yaxın Şərqdə iqtisadi və ticarət münasibətlərinin yeni mərhələyə keçməsinə, daha müsbət məzmun qazanmasına təkan verə bilər”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, ABŞ və Qərb ölkələri bu prosesi diqqətlə izləyirlər:

 

“Mövcud şəraitdə regionda iqtisadi və ticarət əlaqələrinin bərpasına mane olmaq həm regional, həm də qlobal iqtisadi sabitlik baxımından riskli addım olar. Bu təkcə Yaxın Şərq ölkələrinə deyil, həm də ABŞ və Qərb dövlətlərinin iqtisadi maraqlarına mənfi təsir göstərə bilər. Buna görə də böyük ehtimalla bu prosesə ciddi maneələr yaradılmayacaq və region ölkələri arasında iqtisadi-ticarət əməkdaşlığının genişlənməsinə dəstək veriləcək. Nəticədə həm Yaxın Şərq ölkələri, həm də regionla sıx iqtisadi əlaqələri olan dövlətlər, xüsusilə Avropa ölkələri mövcud iqtisadi-ticarət problemlərinin əhəmiyyətli hissəsini aradan qaldırmaq, riskləri azaltmaq və yeni inkişaf perspektivləri əldə etmək imkanı qazana bilərlər”.

 

Güllər Gülhüseynova

#ABŞ #İran #Tehran #Yaxın Şərq #Qərb #ticarət #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər