00:00:00
Yazar
Banuçiçək Məmmədova
30.04.2026 15:23 21 2 dəq oxuma
Dünya

İrandan ABŞ-ə sərt xəbərdarlıq: “Görünməmiş hərbi addımlar ata bilərik”

İrandan ABŞ-ə sərt xəbərdarlıq: “Görünməmiş hərbi addımlar ata bilərik”

İran, ABŞ-nin İranla əlaqəli gəmiləri müsadirə etməsi fonunda gərginliyin daha da artacağı barədə xəbərdarlıq edib. Rəsmi Tehran bəyan edib ki, əgər bu cür addımlar davam edərsə, “görünməmiş hərbi tədbirlər” görüləcək. Bu açıqlama Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik mühitində yeni risklərin yarandığını göstərir və beynəlxalq ictimaiyyətin diqqətini regiondakı mümkün eskalasiyaya yönəldir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İranın bu tip sərt xəbərdarlıqları əslində uzun müddət yığılan gərginliklərin və qarşılıqlı təzyiq mexanizmlərinin nəticəsi kimi ortaya çıxır:

 

“ABŞ ilə İran arasındakı mövcud diplomatik münasibətlərə baxdıqda görürük ki, bu münasibətlər artıq klassik diplomatik çərçivədən çıxaraq “təzyiq-cavab-eskalasiya” dövrəsinə çevrilib. Ona görə də belə bəyanatlar həm daxili auditoriyaya mesaj, həm də xarici tərəflərə çəkindirmə siqnalı funksiyası daşıyır. İranın bu xəbərdarlığının arxasında bir neçə əsas faktor dayanır. Birincisi, iqtisadi və neft sektoruna yönəlmiş təzyiqlərdir. ABŞ uzun illərdir sanksiyalar vasitəsilə İranın neft ixracını və beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa çalışıb. Hazırda isə Hörmüzün blokadaya alınması və gəmilərin müsadirəsi ilə neft ixracını demək olar ki, tamamilə məhdudlaşdırıb. İran bunu özü üçün təkcə iqtisadi zərər olaraq deyil, həm də suverenliyə müdaxilə kimi qəbul edir. İkinci faktor regiondakı güc balansıdır. İran özünü Yaxın Şərqdə mühüm regional aktor kimi görür və xüsusilə Körfəz bölgəsində dəniz təhlükəsizliyi üzərində təsir imkanlarını strateji üstünlük kimi qiymətləndirir. ABŞ və müttəfiqlərinin gəmilərə müdaxiləsi Tehran tərəfindən bu təsirin məhdudlaşdırılması kimi qəbul olunur. Bu isə qarşılıqlı eskalasiyanı artırır.
ABŞ-nin belə gəmiləri müsadirə etməsi adətən bir neçə hüquqi və siyasi əsasla izah olunur. Birincisi, sanksiya rejimlərinin icrasıdır. Əgər bir gəminin İran nefti və ya sanksiyaya məruz qalan malları daşıdığı iddia olunursa, ABŞ bunu beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirə bilər. İkincisi, dəniz təhlükəsizliyi və terrorizmin maliyyələşdirilməsi ilə bağlı iddialardır. ABŞ və bəzi müttəfiqlər müəyyən hallarda gəmiləri qanunsuz daşımalar və ya qadağan olunmuş ticarət şəbəkələri çərçivəsində saxladığını bildirir.  “Görünməmiş hərbi addımlar” ifadəsinə gəlikdə isə bu, konkret bir planı deyil, geniş spektrli cavab imkanlarını nəzərdə tutan siyasi-psixoloji ifadə kimi qəbul oluna bilər. Yəni, İran bununla dəniz nəqliyyatına qarşı simmetrik cavablar verəcəyini, regional proksi qüvvələr vasitəsilə cavab addımlarının atılacağını, məsələn Hüsilər vasitəsilə Babül-Məndəb boğazını bağlayacağına dair mesajlar verir. Bu həm də İranın raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirəcəyi, eləcə də enerji infrastrukturu, dəniz logistika sistemləri və ya maliyyə şəbəkələrinə qarşı kiberhücumlar həyata keçirəcəyinə dair verilmiş mesaj kimi qəbul oluna bilər. Yəni məqsəd dərhal genişmiqyaslı hərbi addımlara başlamaqdan çox, qarşı tərəfi davranışını dəyişməyə məcbur etməkdir”.

 

Banuçiçək Məmmədova

#xəbər #hərbi #i̇randan #bilərik” #“görünməmiş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər