İranın hücumu dünya bazarlarını sarsıda bilər?
İran ordusu Bəhreynin və regionun ən böyük alüminium zavodlarından olan ALBA-ya (Aluminium Bahrain) zərbələr endirib.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az” saytına açıqlamasında bildirib ki, Yaxın Şərqdə, İran ətrafında, Körfəz ölkələrində baş verən hadisələr dünya birjalarına, əmtəə birjalarına çox ciddi mənfi təsir göstərir:
“Biz bunu görürük. Neftin, qazın qiyməti və dünən gecə saatlarından sonra alüminiumun qiyməti yüksəlməyə başlayıb. Düzdür, tarixi maksimumlarda deyil. Nə neft, nə qaz, nə alüminium tarixi maksimumlardadır. Bundan da baha vaxtlar olub. Neftin ən baha qiyməti 2008-ci ildə olub, qazın qiyməti 2022-ci ildə, alüminiumun qiyməti 2022-ci ilin ortalarında indikindən daha baha idi. Amma belə bir təlatümlü dövr, təbii ki, ciddi şəkildə dünya bazarlarına, birjalarına mənfi təsir göstərir və bu uzun müddət davam edəcəksə, bu zaman dünyada daha böyük böhranlar yaşana bilər. Qiymət artımı mal və xidmətlərin maya dəyərinin artmasına xidmət edir ki, dünyada bu da inflyasiyanı sürətləndirə bilər. Əsasən də kasıb ölkələrin, yəni az təminatlı ölkələrin hətta aclıqla, qıtlıqla üzləşməsi belə müharibə uzansa, baş verə bilər. Və indi çox güman ki, həm zərbələrin davam etdiyini görürük, həm də müəyyən danışıqların da getməsi ehtimalları yüksəkdir. Yəni belə xəbərlər dolaşır. Yəqin ki, yaxın günlərdə, həftələrdə bu hadisələrin nə ilə bitməsi ilə bağlı hansısa bir ipucu və yaxud da işıq görünəcək”.
Aytac İbrahimova