İşəgötürən işçini əvvəlcədən xəbərdar etmədən işdən çıxara bilərmi?-QANUN NƏ DEYİR?
Əmək münasibətlərində ən çox müzakirə olunan məsələlərdən biri işəgötürənin işçini qəfil işdən azad etməsi ilə bağlıdır. Bəs qanun işəgötürənə istənilən vaxt və heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermək hüququ verirmi?
İşəgötürən istədiyi vaxt işçini işdən çıxara bilməz
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinə yalnız qanunda nəzərdə tutulan konkret əsaslar olduqda xitam verə bilər.
Ştat ixtisarı zamanı işçiyə əvvəlcədən xəbərdarlıq edilməlidir.Əmək Məcəlləsinin 77-ci maddəsinə görə, işçi ştat ixtisarı və ya işçilərin sayının azaldılması səbəbindən işdən çıxarılırsa, işəgötürən onu əvvəlcədən rəsmi şəkildə xəbərdar etməlidir.Xəbərdarlıq dövründə işçiyə yeni iş axtarmaq üçün hər iş həftəsində əməkhaqqı saxlanılmaqla azı bir iş günü verilməlidir.
Xəbərdarlıq əvəzinə pul ödənilə bilərmi?
Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan hallarda işəgötürən işçinin razılığı ilə xəbərdarlıq müddətini gözləmək əvəzinə qanunla müəyyən olunan məbləğdə kompensasiya ödəməklə əmək müqaviləsinə xitam verə bilər.
Səkinəbəyim Cəfərova