İspaniyanın bu kiçik kəndində gecə iki dəfə çökəcək
İspaniyanın şimalındakı Burqos əyalətində yerləşən kiçik Avellanosa de Muñó kəndi avqustun 12-də baş verəcək nadir astronomik hadisə sayəsində dünyanın diqqət mərkəzinə çevrilməyə hazırlaşır.
Demək olar ki, sakini qalmayan, restoranı, mağazası və turist axını olmayan kənd tam Günəş tutulmasını izləmək üçün Avropanın ən əlverişli məkanlarından biri hesab edilir.
2026-cı il avqustun 12-də baş verəcək tam Günəş tutulması 1999-cu ildən bəri materik Avropasından görünəcək ilk belə hadisə olacaq. Alimlərin sözlərinə görə, İspaniyada isə bu miqyasda son tam Günəş tutulması 1912-ci ildə müşahidə edilib.
Kənd tutulmanın tam görünəcəyi dar zolağın üzərində yerləşdiyindən astronomiya həvəskarları üçün xüsusi əhəmiyyət daşıyır. Geniş qərb üfüqü, açıq buğda sahələri, təpələr və işıq çirkliliyinin demək olar ki, olmaması müşahidə üçün ideal şərait yaradır.
Bu tutulmanı fərqləndirən əsas xüsusiyyət isə onun Günəş batmağa az qalmış baş verməsidir. Nəticədə əvvəl Günəş tutulacaq, qısa müddət ərzində ətraf qaralacaq, daha sonra isə Günəş yenidən görünəcək və bir neçə dəqiqə sonra təbii günbatımı başlayacaq. Mütəxəssislər bu nadir mənzərəni “bir neçə dəqiqə ərzində iki günbatımı yaşamaq” kimi təsvir edirlər.
Astronomiya həvəskarlarını həmin gecə daha bir maraqlı hadisə gözləyir. Günəş tutulmasından sonra Perseid meteor yağışı da müşahidə olunacaq. Beləliklə, eyni gecədə həm tam Günəş tutulması, həm də ilin ən məşhur meteor yağışlarından biri izlənilə biləcək.
1937-ci ildən bu kənddə yaşayan Sara Alvares Rodriqes isə ən yaxşı müşahidə nöqtəsinin kəndin yaxınlığındakı təpə olduğunu deyir. Onun sözlərinə görə, həmin ərazidən səmanı maneəsiz izləmək mümkündür.
Bir zamanlar təxminən 200 nəfərin yaşadığı Avellanosa de Muñó bu gün sakit və demək olar ki, unudulmuş yaşayış məntəqəsinə çevrilsə də, avqustun 12-də baş verəcək bu nadir səma hadisəsi sayəsində qısa müddətlik də olsa dünyanın ən maraqlı məkanlarından biri olacaq.
Elmira Ağayeva