İsrail BMT baş katibinin ofisi ilə bütün əlaqələrini dayandırıb
"İsrail Antonio Quterreşin BMT-nin baş katibi vəzifəsini tutduğu müddətcə baş katibin ofisi ilə heç bir təmasda olmayacaq",- bunu İsrailin təşkilatdakı daimi nümayəndəsi Dani Danon bəyan edib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında qeyd edib ki, İsrail həyata keçirdiyi siyasətdə beynəlxalq hüquq normalarını pozaraq öz strateji məqsədlərini reallaşdırmağa çalışır:
"İsrailin Baş naziri bəyan edib ki, vəd edilmiş torpaqları əldə edəcəklər. Bu isə böyük İsrail dövləti yaratmaq məqsədi daşıyır. Böyük İsrail dövləti yaratmaq üçün beynəlxalq hüquq müstəvisindən kənara çıxılır, BMT Nizamnaməsinin prinsipləri pozulur və milli maraqların həyata keçirilməsinə çalışılır. Bu məqsədə nail olmaq üçün qonşu ərazilərə qarşı işğalçılıq siyasəti aparılır. Hazırda da bu siyasət davam edir. İsrail istər Fələstində, istər Qəzzada, istər Suriyada, istərsə də Livanda BMT Nizamnaməsinin prinsiplərini pozaraq öz dövlət və milli maraqlarını həyata keçirməyə çalışır. Eyni zamanda, Qəzzada çoxsaylı dinc sakinin həyatını itirməsi ilə nəticələnən hadisələri beynəlxalq ictimaiyyət ciddi narahatlıqla qarşılanyır. Bu, BMT Nizamnaməsinə və insan hüquqları prinsiplərinə ziddir. Bu baxımdan, İsrailin siyasəti BMT-nin əsas dəyərləri ilə uyğun gəlmir. İsrail eyni zamanda BMT-nin fəaliyyətini nüfuzdan salmağa çalışır. İsrailin BMT-dəki nümayəndəsi bir çıxışı zamanı nümayişkaranə şəkildə BMT Nizamnaməsinin surətini cıraraq tribunadan yerə atıb".
Politoloq bildirib ki, bu addım İsrailin təşkilata və onun qətnamələrinə münasibətinin göstəricisi kimi qiymətləndirilə bilər:
"Bu mövqenin formalaşmasında ABŞ ilə İsrail arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinin də mühüm rolu var. ABŞ-nin İsrailə verdiyi dəstək nəticəsində İsrail beynəlxalq hüquqa və BMT-nin qərarlarına qarşı daha sərt mövqe nümayiş etdirir. İsrailin BMT Baş katibini tanımaması və bu istiqamətdə səsləndirdiyi açıqlamalar dünya dövlətlərinə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Çünki Baş katib dünya dövlətlərinin razılığı əsasında seçilir. Bu baxımdan, İsrailin sərgilədiyi aqressiv mövqe beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən qaynaqlanır. İsrail beynəlxalq siyasi və iqtisadi sistem çərçivəsində təcrid olunmayınca, bu cür aqressiv siyasətini davam etdirəcək".

Səmayə Səftərova