İsrailin müdafiə naziri Katzdan İran lideri Xameneiyə: “Sonun Səddam kimi olar” təhdidi
İsrailin müdafiə naziri Yisrael Katz İranın ali lideri Ayətullah Əli Xameneiyə “sonun İraqın devrilmiş lideri Səddam Hüseyn kimi olar” deyə təhdid edib.
Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Katz İranla bağlı hücumları qiymətləndirmək məqsədilə İsrail ordusunun yüksək rütbəli komandirləri ilə görüş keçirib.
Katz, dünən İran dövlət televiziyasına edilən hava hücumuna istinad edərək, bu cür hücumların davam etdiriləcəyini bildirib.
O, İranın həyata keçirdiyi cavab zərbələri səbəbilə Xameneini xəbərdar etdiyini qeyd edib və ad çəkmədən İraqın devrilmiş lideri Səddam Hüseynə eyham vurub.
Katz bildirib: “İranın qonşu ölkəsində (İraqda) İsrailə qarşı eyni yolu seçən diktatorun (Səddam Hüseynin) aqibətini Xameneinin xatırlaması yaxşı olardı”.
Beynəlxalq mətbuatda yayılan xəbərlərdə İsrailin İran lideri Xameneiyə qarşı sui-qəsd planlaşdırdığı, lakin o dövrdə ABŞ prezidenti olan Donald Trampın buna mane olduğu iddia edilib.
İsrailin baş naziri Benyamin Netanyahu isə dünən ABC televiziyasına verdiyi müsahibədə Xameneinin hədəf alınmasının münaqişəni sona çatdıra biləcəyini iddia edib.
TRT HABER
Solmaz Muradova