İşsizlik müavinəti və sosial təminat hüquqları
İşsizlik müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biridir. Bu vəziyyət insanın maddi rifahına və sosial həyatına birbaşa təsir edir. Buna görə də, dövlətlər işsiz şəxslərin sosial müdafiəsini təmin etmək üçün müxtəlif sosial təminat mexanizmləri tətbiq edirlər.
Mövzu ilə bağlı Hüquqşünas Əlövsət Allahverdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, işsizlik müavinəti almaq üçün Dövlət Məşğulluq Agentliyinə elektron qaydada
e-gov portalı üzərindən və ya şəxsən yerli məşğulluq mərkəzlərinə müraciət edilməlidir:
"İşsizlik müavinəti əmək qabiliyyətli, lakin işini itirən və yeni iş tapa bilməyən şəxslərə dövlətin müvəqqəti verdiyi pul təminatıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bu hüquqdan əsasən əmək müqaviləsi əsasında işləyib sonradan işdən azad olunan şəxslər yararlana bilər. Bu zaman işdən çıxma səbəbi adətən şəxsin öz istəyi ilə deyil, ixtisar, müəssisənin bağlanması və ya əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olur.
Eyni zamanda, rəsmi şəkildə işsiz kimi qeydiyyata alınan və müəyyən staj və sığorta ödənişi tələblərinə cavab verən şəxslər də bu hüquqdan istifadə edə bilirlər. Öz istəyi ilə işdən çıxanlar və ya qeyri-rəsmi işləyənlər isə adətən bu imkandan yararlana bilmirlər.
İşsizlik müavinəti almaq üçün Dövlət Məşğulluq Agentliyinə elektron qaydada e-gov portalı üzərindən və ya şəxsən yerli məşğulluq mərkəzlərinə müraciət edilməlidir.
Hazırkı sistemdə bir sıra ciddi problemlər mövcuddur. Məsələn, əhatə dairəsinin məhdudluğu səbəbindən qeyri-rəsmi işləyənlərin çoxu sistemdən kənarda qalır. Verilən müavinətin məbləği isə əksər hallarda real yaşayış xərclərini qarşılamır. Bundan əlavə, sənədləşmə və yoxlama prosesinin uzun çəkməsi proseduru həm çətin, həm də yorucu edir.
Qeyd olunan problemlərin aradan qaldırılması və bununla yanaşı rəqəmsallaşmaya daha çox üstünlük verilməsi bu sahənin daha da sürətli şəkildə təkmilləşməsinə və inkişafına imkan yarada bilər".
Samirə Allahverdizadə