İstidə vəziyyəti ağırlaşdıra bilən dərmanlar: Hansı preparatlar risk yaradır?
Yay aylarında yüksək temperatur hər kəs üçün çətin ola bilər. Lakin bəzi insanlar üçün isti hava daha ciddi risk yaradır. Səbəblərdən biri də gündəlik istifadə olunan bəzi dərmanların orqanizmin istiliyi tənzimləmək və maye balansını qorumaq qabiliyyətinə təsir etməsidir.
Depressiya, təşviş, ADHD, yüksək təzyiq və ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan bəzi preparatlar isti havada susuzlaşma və istiliklə əlaqəli sağlamlıq problemləri riskini artıra bilər.
“Niyə istidən bu qədər təsirlənirəm?”
Bu sualla üzləşənlərdən biri 28 yaşlı belçikalı İleana Okumusdur.
Avropada iyun ayında temperaturun kəskin yüksəldiyi dövrdə Okumus evdən çıxan kimi güclü tərlədiyini, sərinləməsinin isə uzun vaxt aldığını deyib. Kondisioneri olmayan mənzilində temperatur 34 dərəcəyə çatıb.
O, əvvəllər daha yüksək temperaturda yaşasa da, bu dəfə istidən əvvəlkindən daha çox təsirlənib. Daha sonra sosial şəbəkələrdə oxşar simptomları olan insanların paylaşımlarını gördükdən sonra vəziyyəti iki il əvvəl depressiya və təşviş üçün qəbul etməyə başladığı dərmanlarla əlaqələndirib.
Həkimlər isə bildirirlər ki, iqlim dəyişiklikləri nəticəsində isti dalğaları daha tez-tez və daha uzunmüddətli olduqca bu məsələ daha da əhəmiyyət qazanır.
Antidepresanlar istiyə həssaslığı artıra bilər
Psixi sağlamlıq problemlərinin, o cümlədən depressiya, təşviş və bipolyar pozuntunun müalicəsində istifadə olunan bəzi dərmanlar beynin temperaturu tənzimləyən hissəsinə təsir göstərə bilər.
Xüsusilə geniş istifadə olunan SSRI və SNRI qrupundan olan antidepressantlar – sertralin, fluoksetin, essitalopram və venlafaksin kimi preparatlar bəzi insanlarda tərləməni artıra bilər.
Həddindən artıq tərləmə isə isti havada orqanizmin daha çox maye və elektrolit itirməsinə səbəb ola bilər. İnsan artıq isti səbəbindən susuzlaşıbsa, bu təsir daha da ağırlaşa bilər.
Digər tərəfdən, bəzi köhnə tip antidepressantlar tərləməni azaltmaqla da problem yarada bilər. Çünki tərləmə bədənin artıq istiliyi xaric etməsinin əsas mexanizmlərindən biridir.
ADHD və digər dərmanlar da nəzərə alınmalıdır
Məsələ yalnız antidepressantlarla məhdudlaşmır. ADHD üçün istifadə olunan bəzi dərmanlar, əhval stabilizatorları, eləcə də yüksək təzyiq və ürək xəstəliklərinin müalicəsində istifadə edilən müəyyən preparatlar isti havada orqanizmin reaksiyasına təsir göstərə bilər.
Los-Ancelesdə yaşayan 36 yaşlı Karolin Fraissinet bu yay bir neçə psixiatrik dərmanı eyni vaxtda qəbul etdiyi dövrdə uzunmüddətli və rütubətli istilər zamanı diqqətini toplamaqda çətinlik çəkdiyini, daha əsəbi olduğunu və əvvəlkindən çox tərlədiyini bildirib.
Əvvəlcə bunun qidalanma və kifayət qədər su içməmə ilə bağlı olduğunu düşünüb. Daha sonra dəstək qrupundakı tanışının göndərdiyi məlumatlardan sonra isti hava ilə qəbul etdiyi dərmanlar arasındakı mümkün əlaqəni anlayıb.
Dərmanı özbaşına dayandırmaq olmaz
Mütəxəssislər bildirirlər ki, dərman qəbul edən insanların isti havalarda daha diqqətli olması vacibdir. Kifayət qədər maye qəbul etmək, mümkün qədər sərin mühitdə qalmaq və istiliklə əlaqəli əlamətlərə diqqət yetirmək önəmlidir.
Amma hər hansı dərmanı həkimlə məsləhətləşmədən dayandırmaq və ya dozasını dəyişmək düzgün deyil.
Xüsusilə güclü halsızlıq, başgicəllənmə, çaşqınlıq, huşun pozulması və ya bədən temperaturunun təhlükəli dərəcədə yüksəlməsi kimi əlamətlər yarandıqda tibbi yardım almaq lazımdır.
İsti dalğalarının getdikcə daha çox təkrarlanması isə başqa bir vacib məsələni gündəmə gətirir: həkim və pasiyentlər yalnız dərmanların ümumi yan təsirlərini deyil, onların yüksək temperatur şəraitində yarada biləcəyi riskləri də nəzərə almalıdırlar.
Elmira Ağayeva