İsveç parlamentində "Xocalı qətliamı" konfransı keçirilib
Azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı aktlarının törədilməsi ilə bağlı aprelin 14-də İsveç parlamentində konfrans keçirilib.
İnformator xəbər verir ki, tədbir Stokholmda Azərbaycan Kültür Cəmiyyəti, Höteborqda Azərbaycan Türk Birliyi Dərnəyinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə baş tutub.
Konfransa “Qarabağ” Cəmiyyətinin əməkdaşı Aida Amir Haşimi moderatorluq edib.
Tədbirdə əsas məruzəçi qismində Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar, Güney Azərbaycan Konqresinin rəhbəri və "Qarabağ" Cəmiyyətinin təsisçisi Abdulla Amir Haşimi, Azerbaycan Kultur Cemiyyetinin sedri Səməd Fertaş, İsraildən tədqiqatçı-jurnalist Arye Qut, Azərbaycandan Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, professor Kərim Şükürov və Kanadadan tədqiqatçı jurnalist Oğuz Türk çıxış ediblər.
A. Qut Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı çıxış edərək, Azərbaycan dövlətinin bu istiqamətdə uğurlu siyasət həyata keçirdiyini deyib. O, İsrail prezidentinin BMT-dəki çıxışında Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi barədə fikirlərini xatırladaraq, bu amilin faciənin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. A. Qut Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” Kampaniyasını xüsusilə vurğulayıb.
İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalıda kütləvi qırğın barədə sənədli təqdimatda çıxış edərək deyib: “Xocalıda misli görünməmiş vəhşilik və amansızlıqla törədilən soyqırımı aktı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu kütləvi qırğının qorxunc və müdhiş səhnələri Azərbaycanın ürəyində sağalmaz yara olaraq qalacaq. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri və ətraf yerləri tərk etməyə macal tapmamış xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir düşüb və misli görünməmiş əzablara, təhqirlərə və həqarətlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir”.
A.Qutun sözlərinə görə, sanballı faktlar, çoxsaylı müstəqil mənbələr, şahid ifadələri təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisi təkcə azərbaycanlı olduqları üçün bilərəkdən kütləvi şəkildə məhv edilib. İsrailli politoloq deyib: “Xocalı şəhəri Azərbaycan ərazilərinin işğal edilməsinin və burada etnik təmizləmə siyasəti aparılmasının, təlaş və vahimə mühitinin yaradılmasının növbəti mərhələsi olub. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə xüsusi amansızlığın heç bir izahı yoxdur. Hazırda Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımı aktının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısına çıxmalıdırlar. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana ittihamlar irəli sürməlidir."
Professor Kərim Şükürov 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi dünyada tanıdılmasının vacibliyi barədə danışıb. O, Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçirdiyi işlərin anti-azərbaycan dairələrini ciddi narahat etdiyini deyib, hətta erməni diasporunun da bu uğurlu fəaliyyəti qeyd etdiyini bildirib.
Aygün Attarın çıxışı isə əsasən azərbaycanlıların soyqırımı, qondarma “erməni soyqırımı”nın qəbul edilməməsi istiqamətində Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı olub.
Bundan başqa, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Sabitlik və İnkişaf Mərkəzi və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, həmçinin “EuroAz” televiziyasının təsisçisi Cavad Derəxti də müzakirələrə qatılıblar.
Müzakirələrdə Azərbaycan dövlətinin diaspor siyasəti, Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçirilən fəaliyyət qeyd olunub, Azərbaycanın regionda rolu, inkişafı diaspor iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda İsveçin siyasi partiyalarına etiraz müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, Ermənistanın regionda apardığı təcavüzkar siyasətə biganə yanaşmaya etiraz edilib.
Konfrans “EuroAz” televiziyası vasitəsi ilə yayımlanıb.
Qeyd edək ki, AAC xarici məruzəçilərin konfransa qatılmasına, eləcə də tədbirin kitablarla təmin olunmasına yaxından dəstək verib.
