İƏT-in Təmiz Enerji Mərkəzi ilə ev sahibi ölkə sazişi imzalanıb
Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və Mərkəzin icraçı direktoru Aysel Yaqubova rəsmiləşdiriblər.
Saziş Mərkəzin hüquqi statusunu və fəaliyyət şərtlərini müəyyən edir, həmçinin qurumla Azərbaycan arasında əməkdaşlıq çərçivəsini tənzimləyir. TEM dayanıqlı enerji və enerji səmərəliliyi üzrə regional layihələrin əlaqələndirilməsi üçün platforma kimi çıxış edəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki,İƏT regionu üçün Təmiz Enerji Mərkəzi İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə birlikdə yaradəlmış təşkilatdır:
"TEM-nin məqsədi yaşıl enerji sahəsində regional əməkdaşlığı təşfiq etmək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın daxil olduğu İƏT regionu geniş yaşıl enerji potensialından, əlverişli coğrafi mövqeyindən, strateji ticarət yollarından istifadə edərək azkarbonlu nəqliyyat və yaşıl enerji dəhlizlərini inkişaf etdirmək üçün geniş imkanlara malikdir. İƏT çərçivəsində üç ölkənin yaşıl enerji sahəsində birgə əməkdaşlığı qarşıdakı illərdə sənaye dekarbonizadiyasını dəstəkləyəcək. Təmiz Enerji Mərkəzinin praktiki fəaliyyəti Azərbaycana yaşıl enerji texnologiyalarına və yaşıl maliyyə alətlərinə çıxışı təmin edəcək. Digər bir tərəfdən TEM -nin praktiki fəaliyyəti İƏT regionunda sənaye artımını dəstəkləyəcək".
Aişə Mustafayeva
