00:00:00
Yazar
Admin User
31.10.2025 15:10 165 3 dəq oxuma
İqtisadiyyat

İtaliya iqtisadiyyatı geriləməkdə davam edir

İtaliya iqtisadiyyatı geriləməkdə davam edir

İtaliya iqtisadiyyatı ardıcıl 9-cu rübdə 1%-dən az artım göstərib. Eyni zamanda, Baş nazir Corciya Meloninin rəhbərlik etdiyi hökumətin üç ili ərzində sənaye istehsalı 7% azalıb. Ekspertlər bu vəziyyətin İtaliyanın iqtisadi dayanıqlığına və Avropa İttifaqındakı mövqeyinə təsir edə biləcəyini bildirirlər.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında qeyd edib ki, bütün Avropa ölkələri son vaxtlar resessiya yaşayır, iqtisadiyyatları geriləyir:

 

“Konkret İtaliyada, eləcə də digər Avropa ölkələrində olduğu kimi, itkilər müşahidə olunur. Yəni beynəlxalq rəqabətdə Avropa artıq uduzmağa başlayır, geri gedir. Bunun bir sıra səbəbləri var. Əsas səbəblərdən biri böyük miqyaslı miqrasiyadır. Avropa strukturu daxilində artıq dayanıqsızlıq göstərir. Miqrasiyanın təsiri ilə həm insanların, həm də bizneslərin təhlükəsizlik xərcləri artıb, risklər çoxalıb. Eyni zamanda, əməyin məhsuldarlığı azalıb. Artıq Asiya kimi əməyin məhsuldarlığı və intellektual səviyyəsi yüksək olan ölkələrin istehsalı qarşısında Avropa duruş gətirə bilmir. Buraya Yaponiya, Koreya, Çin, Vyetnam daxildir. Həmçinin Asiyanın Malayziya, Hindistan kimi digər ölkələri də bu sahədə irəliləyir. Qlobal ticarət və istehsal artdıqca, Avropa ölkələri onlarla rəqabət aparmaqda çətinlik çəkir. Meloni hökumətinə — bu, çox spesifik məsələdir. Amma araşdırmalara əsasən, onun “Made in Italy” şüarı altında yerli istehsalı canlandırmaq planı var. Bu planın nə dərəcədə effektiv olacağı isə başqa mövzudur. Hökumət həmçinin İtaliyanın cənub hissəsində, Aralıq dənizi – Afrika – Avropa arasında iqtisadi keçid zonası yaratmaq istəyir. Burada vergi və inzibati prosedurlar sadələşdirilərək investorların cəlb edilməsi nəzərdə tutulur. Bundan əlavə, əmək bazarında yeni şirkətlər üçün vergi güzəştləri tətbiq edilir ki, bu da iqtisadiyyatı süni şəkildə canlandırmaq məqsədi daşıyır. Enerji xərclərinin artması fonunda isə İtaliya artıq nüvə enerjisindən istifadəyə yönəlməyi planlaşdırır ki, bu da sənayenin enerji tələbatını qarşılamağa kömək etsin.”

 

İqtisadçının sözlərinə görə, bu proseslər İtaliyanın rəqabət qabiliyyətini həm Avropa, həm də dünya bazarında zəiflədir:

 

“Bu, daxili ticarət balansına və Avropa büdcə siyasətinə təsir göstərə bilər. Çünki İtaliya Avropa büdcəsinin formalaşmasında həm vəsait verən, həm də subsidiyalar alan ölkələrdəndir. Avropa İttifaqı İtaliya qarşısında müəyyən maliyyə tələbləri qoya bilər. Borc səviyyəsi və büdcə kəsiri artdıqca, Avropa Komissiyası İtaliyaya əlavə öhdəliklər yükləyə bilər. Bu da münasibətləri gərginləşdirə bilər.İtaliya uzun müddət Avropa büdcəsindən xeyli faydalanıb, lakin indi bu vəsaitlərin səmərəliliyi sual altındadır. Bu, gələcəkdə Avropa investisiyalarının İtaliyaya yönəlməsində tərəddüdlərə səbəb ola bilər. Çünki yatırımların səmərəliyi məsələsi açıq qalır. Avropa Komissiyasının İtaliya iqtisadiyyatına əlavə dəstək ayırması tarixən baş verib və yenə də mümkündür. Yaxınlarda dövlət yardımı sxemi təsdiqlənib, 11 milyard avroluq layihələr və ödənişlər nəzərdə tutulub. İtaliya hökuməti hazırda bu layihələri qiymətləndirir. Əsas məsələ həm Avropa, həm də İtaliya daxilində bu vəsaitlərin nə dərəcədə effektiv istifadə olunmasıdır. Hazırda bu, ciddi bir məsələ kimi qalır və düzgün qiymətləndirilməlidir. Mən hesab edirəm ki, Avropanın ayırdığı vəsaitlərin səmərəli xərclənməsi sahəsində ciddi problemlər mövcuddur”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər