00:00:00
Yazar
Ayan Sadi
22.10.2026 21:39 25 2 dəq oxuma
Dünya

İtaliyada etirazlar siyasi gərginliyi artırır

İtaliyada etirazlar siyasi gərginliyi artırır

İtaliyada keçirilən küçə etirazları bahalaşma, sosial narazılıq və siyasi idarəetməyə etimad məsələlərini yenidən gündəmə gətirib. Etirazların digər Avropa ölkələrindəki narazılıqlarla əlaqəsi və mümkün siyasi nəticələri regionda sabitliklə bağlı müzakirələri gücləndirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Qərbi Avropada, o cümlədən İtaliyada müşahidə olunan etirazlar ciddi iqtisadi və sosial problemlərin mövcudluğunu göstərir. Onun sözlərinə görə, Fransada başlayan və İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrdə də müşahidə olunan narazılıqlar iqtisadi səbəblərlə bağlı olsa da, onların siyasi müstəviyə keçməsi ehtimalı artır.

 

Siyasi şərhçi qeyd edib ki, Avropada etirazların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, yanacağın bahalaşması və vergi yükü dayanır. Onun fikrincə, bu amillər əhalinin sosial vəziyyətinə təsir göstərməklə yanaşı, hökumətlərə qarşı narazılığı da gücləndirir.

 

Müşfiq Abdullanın sözlərinə görə, İtaliyanın Milan, Turin, Bolonya və Berqamo şəhərlərində baş verən iğtişaşlar ölkədəki gərginliyin miqyasını göstərir. O bildirib ki, yanacağın qiymətindəki artım yük avtomobillərinin sürücülərinin etirazlarına səbəb olub, ölkənin cənubunda, xüsusilə Neapol yaxınlığında fermerlər də bahalaşmaya qarşı çıxıblar.

 

Siyasi şərhçi hesab edir ki, iqtisadi narazılıqların siyasi nəticələri də ola bilər. Onun fikrincə, Avropa ölkələrində etirazların güclənməsi qarşıdakı seçkilər ərəfəsində hakim siyasi qüvvələrin mövqelərinə təsir göstərə, ifrat sağçı partiyaların dəstəyinin artmasına şərait yarada bilər.

 

Müşfiq Abdulla bildirib ki, Fransada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı Avropadakı siyasi proseslər baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sosial və iqtisadi narazılıqlar Almaniyada da ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının mövqelərinin güclənməsinə zəmin yarada bilər. Bununla belə, bu proseslərin konkret siyasi nəticələrə gətirib çıxarması bir sıra daxili və xarici amillərdən asılıdır.

 

Şərhçinin qənaətinə görə, Avropada sosial narazılığın artmasına təsir göstərən amillər sırasında enerji qiymətləri, müdafiə xərclərinin yüksəlməsi və davam edən münaqişələrin iqtisadi nəticələri də var. O hesab edir ki, təhlükəsizlik məsələlərinə ayrılan vəsaitlərin artırılması fonunda sosial problemlərin həlli ilə bağlı gözləntilər hökumətlər üzərində əlavə təzyiq yaradır.

 

Müşfiq Abdulla vurğulayıb ki, enerji daşıyıcılarının qiymətindəki artım və yaşayış xərclərinin yüksəlməsi əhalinin gündəlik həyatına birbaşa təsir edir. Onun sözlərinə görə, etirazlarda səsləndirilən sosial tələblər hökumətlərin büdcə prioritetləri ilə bağlı narazılıqları da əks etdirir.

 

Siyasi şərhçi hesab edir ki, Ukraynada müharibənin davam etməsi, Yaxın Şərqdəki gərginlik və enerji təchizatı ilə bağlı risklər Avropa ölkələrində iqtisadi təzyiqləri artıra bilər. Onun fikrincə, qarşıdakı qış aylarında enerji təminatı ilə bağlı çətinliklərin yaranması sosial narazılığın daha da güclənməsinə səbəb ola bilər. Bununla belə, etirazların genişmiqyaslı siyasi böhrana və ya Avropa İttifaqının parçalanmasına gətirib çıxaracağını indidən qəti şəkildə söyləmək mümkün deyil.

 

Aynur Əhmədli

#i̇taliyada #yeni #gərginliyi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər