Moskvada Ukrayna münaqişəsinin başa çatmasına doğru irəliləyiş olduğu bildirilib
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukraynadakı münaqişənin sona çatması istiqamətində müəyyən irəliləyişin olduğunu bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ukrayna müharibəsinin başa çatması istiqamətində irəliləyiş olduğu barədə açıqlaması diplomatik prosesin yenidən fəallaşması baxımından diqqətəlayiqdir:
"Xüsusilə Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündən sonra Moskvanın noyabr ayında Rusiya-ABŞ-Ukrayna formatında danışıqları bərpa etməyə prinsipial razılıq verməsi müəyyən siyasi dinamikanın yarandığını göstərir. Lakin burada əsas məsələ danışıqların başlanması ilə müharibənin başa çatması arasında ciddi fərqin olmasıdır".
Politoloq qeyd edib ki, münaqişənin dayanıqlı həlli üçün ilk növbədə atəşkəsin şərtləri, ərazi məsələləri, Ukraynanın suverenliyi və təhlükəsizlik təminatları, həmçinin gələcəkdə hərbi qarşıdurmanın təkrarlanmamasını təmin edəcək beynəlxalq mexanizmlər üzrə razılıq əldə edilməlidir:
"Rusiya təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb etdiyi halda, Ukrayna öz ərazi bütövlüyünün və müstəqil siyasi qərarvermə hüququnun qorunmasını əsas prinsip kimi irəli sürür. Məhz bu fundamental ziddiyyətlərin aradan qaldırılması sülh prosesinin nəticəsini müəyyən edəcək əsas amildir".
Onun sözlərinə görə, Moskvanın son açıqlamasını danışıqlar prosesində yeni mərhələyə keçid ehtimalının göstəricisi kimi nəzərdən keçirmək mümkündür, ancaq bunu hələlik real sülh razılaşmasının əldə olunması kimi qiymətləndirmək tezdir:
"ABŞ administrasiyasının vasitəçilik təşəbbüsləri və tərəflərin üçtərəfli formatın bərpasına münasibəti diplomatik imkanların tam tükənmədiyini göstərir. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqlarının qalması və hərbi əməliyyatların davam etməsi prosesin nə qədər mürəkkəb olduğunu ortaya qoyur. Moskvanın açıqlaması həm də danışıqlar ərəfəsində öz mövqeyini beynəlxalq ictimaiyyətə təqdim etmək və diplomatik gündəliyin formalaşmasına təsir göstərmək cəhdi kimi şərh oluna bilər".
Nəticə olaraq bildirib ki, sülhün perspektivi yalnız Kremlin bəyanatlarından deyil, Kiyevin mövqeyindən, Vaşinqtonun vasitəçilik imkanlarından və Avropa dövlətlərinin təhlükəsizlik məsələlərinə yanaşmasından asılı olacaq:
"Əgər növbəti danışıqlarda konkret atəşkəs mexanizmi, təhlükəsizlik zəmanətləri və razılaşmaların icrasına beynəlxalq nəzarət məsələlərində irəliləyiş əldə olunarsa, bu, müharibənin siyasi yolla başa çatması istiqamətində əhəmiyyətli dönüş nöqtəsinə çevrilə bilər".
Səadət Əlizadə