İtaliyada yüngül motorlu təyyarədə 2 nəfər həlak olub
İtaliyanın şimalındakı Breşia şəhəri yaxınlığından keçən A21 avtomagistralına yüngül motorlu bir təyyarənin düşməsi nəticəsində təyyarədə olan 2 nəfərin həyatını itirdiyi bildirilib.
İtaliya Yanğından Mühafizə Xidməti sosial media hesabında yaydığı paylaşımda, yerli vaxtla saat 13:00 radələrində Breşia yaxınlığındakı A21 avtomagistralının Castel Mella ərazisində ultra yüngül bir təyyarənin yerə düşdüyünü qeyd edib.
Paylaşımda hadisə yerində təyyarədə olan biri qadın, biri kişi olmaqla iki nəfərin cansız bədəninə rast gəlindiyi bildirilib.
Təyyarənin avtomagistrala düşməsinə baxmayaraq, avtomobillərə zərər dəymədiyi, lakin təyyarənin yerə çırpıldıqdan sonra alovlandığı və yanğının yol kənarındakı ağaclara keçdiyi qeyd olunub. Hadisəyə dərhal müdaxilə edildiyi də vurğulanıb. İtaliya mediasında yayımlanan xəbərlərdə isə təyyarənin haradan havaya qalxdığı və qəzanın təfərrüatları ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub. Qəza səbəbilə avtomagistralın bir hissəsinin nəqliyyat üçün bağlandığı bildirilib.
TRT XƏBƏR
Nuray Əliyeva