ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəliklərin yerinə yetirilməsinə çağırır
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) rəqəmsal inkişafın qlobal gündəmini müəyyən edən əsas tədbirlərdən biri kimi çıxış edir. Konfransda rəqəmsal bağlantının genişləndirilməsi, texnologiyalara çıxışın bərabərliyi və dayanıqlı rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı mühüm mesajlar səsləndirilib. Bu çərçivədə Azərbaycanın rəqəmsal infrastrukturunun mövcud vəziyyəti, regionlarda internet əlçatanlığı, 5G-yə keçid və rəqəmsal bazarın inkişafı kimi məsələlər də aktuallaşıb.
WTDC-25-in Bakıda keçirilməsi Azərbaycanın rəqəmsal gündəminin qlobal səviyyədə tanınması ilə yanaşı ölkənin telekommunikasiya strategiyasının möhkəmləndirilməsi üçün də əhəmiyyətlidir. Universal bağlantı və rəqəmsal xidmətlərə bərabər çıxış artıq beynəlxalq öhdəlik deyil, milli inkişafın əsas şərtidir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında IT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, ölkənin rəqəmsal infrastrukturunda əsas çatışmazlıq artıq fiber-optik magistralların mövcudluğu ilə bağlı deyil:
“Bütün ölkə üzrə fiber-optik xətlər tam təmin edilsə də, problemlər son mil infrastrukturunun keyfiyyəti, operatorlararası interkonneksiya və regional internet xidmətlərinin sürət və dayanıqlığındadır. Kiçik şəhər və kənd zonalarında hələ də son mərhələdə istifadəçi təcrübəsini məhdudlaşdıran texniki məhdudiyyətlər mövcuddur. 5G-yə keçid baxımından şəbəkənin yüksək tutumlu transport şəbəkələri, edge data mərkəzləri və spektrin səmərəli idarə olunması hələ tam standartlara cavab vermir. Bu səbəbdən 5G-nin ilk mərhələdə sənaye zonaları, şəhər mərkəzləri və xüsusi layihələr üçün tətbiqi daha realist görünür. ITO və smart şəhər layihələri üçün telekommunikasiya şəbəkəsi həm gecikmənin minimum olduğu, həm də kütləvi ITO cihazlarını dəstəkləyə bilən formatda olmalıdır. Mövcud infrastruktur bu imkanların bir hissəsini təmin edir, amma ölkə miqyasında smart şəhər həlləri üçün əlavə spektr səmərəliliyi, vahid IOT standartları və kiber təhlükəsizlik tədbirləri lazımdır.
Ümumilikdə, WTDC-25-in çağırışları Azərbaycanın rəqəmsal inkişafında konkret texnoloji prioritetləri ortaya qoyur: 5G-nin geniş tətbiqi, smart şəhər ekosistemlərinin stabil işləməsi və rəqəmsal xidmətlərin bütün regionlarda dayanıqlı təqdimatı”.
Ədilə Hüseynzadə
