İxrac imkanlarının genişlənməsi yolları
İxracın genişlənməsi ölkə iqtisadiyyatı üçün mühüm amildir. Bunun üçün məhsulların keyfiyyəti, bazar araşdırması və logistika ön plandadır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın ixrac məhsulları arasında neft və qaz əsas yer tutur:
"Azərbaycanın əsas ixrac məhsulları uzun illərdir əsasən neft və qaz kimi enerji resurslarını ixrac edir. Bu sektor ölkənin ixrac strukturunda dominant mövqedədir. Qeyri-neft sektoru üzrə ixrac isə nisbətən zəif inkişaf edib və əsasən xammal xarakterlidir. Qeyri-neft ixracına meyvə, tərəvəz, pambıq, tütün kimi kənd təsərrüfatı məhsulları daxildir. Lakin bu məhsullar da, adətən, emal olunmadan, yəni xammal şəklində ixrac olunur. Məsələn, pambıq lif şəklində satılır, halbuki onu emal edib hazır məhsul kimi ixrac etmək daha gəlirli ola bilər. Bununla yanaşı, kimyəvi məhsullar, mineral gübrələr, bəzi metal məmulatları da ixracat siyahısına daxildir. Təəssüf ki, ölkə idxalda daha çox hazır məhsullara və əlavə dəyəri yüksək olan mallara üstünlük verir. Bu isə iqtisadi modelin hələ də tam səmərəli qurulmadığını göstərir. Azərbaycanın ixrac məhsulları arasında neft və qaz əsas yer tutur. Bununla yanaşı, müəyyən həcmdə qızıl da ixrac edilir. Qızıl əvvəlki illərdə olduğu kimi, bu il də ixrac siyahısında yer alıb. Eyni zamanda, karbamid və pambıq lifi kimi məhsullar da ixrac edilir. Bu məhsullar xammal və ya aralıq məhsul sayılır, yəni əlavə emala ehtiyac duyan mallardır. Neft və qaz ixracında problem yaşanmasa da, kənd təsərrüfatı məhsullarının ixracında ciddi çətinliklər mövcuddur. Əsas problem kənd təsərrüfatı nazirliyinin satış və ixrac kanalları yaratmamasıdır. Hazırda fermerlər öz təşəbbüsləri ilə məhsullarını əsasən Rusiya bazarına çıxarırlar. Bu isə qeyri-sabit və riskli bazardır. Digər vacib problem ölkədə anbar və logistika mərkəzlərinin çatışmazlığıdır. Bu, məhsulun istehsaldan satışa qədər olan mərhələsində ciddi qeyri-müəyyənlik yaradır. Sertifikatlaşdırma və keyfiyyət standartlarının təmin olunmaması səbəbindən fermerlərin məhsulları nəinki Avropa bazarına, hətta daha əlçatan hesab olunan ərəb bazarına da çıxmır. İxracın genişləndirilməsi üçün burada strategiyadan çox, real və konkret tədbirlər görülməlidir. Təbii ki, uzunmüddətli baxış üçün Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin ümumi ixrac strategiyası hazırlanmalıdır. Amma hazırda bu sahədə konkret strateji sənəd yoxdur. 2016-cı ildə qəbul olunmuş yol xəritələri isə gözlənilən nəticəni verməyib və onların səmərəliliyi şəffaf şəkildə qiymətləndirilməyib. Hazırda müəyyən çatışmazlıqlar var. Kənd Təsərrüfatı Nazirliyi məhsulların sertifikatlaşdırılması, brend yaradılması və digər dəstək tədbirlərində fəal deyil. "Azpromo" vasitəsilə ixraca dəstək proqramları həyata keçirilsə də, onların nəticələri şəffaf deyil və səmərəlilik sual altındadır. Xarici bazar araşdırmaları, beynəlxalq sərgilərdə iştirak və "Made in Azerbaijan" brendi çərçivəsində müəyyən işlər görülsə də, bu təşəbbüslər də kifayət qədər effektiv qiymətləndirilməyib. Buna görə ixrac üçün keyfiyyət standartları və sertifikatlaşdırma prosesləri gücləndirilməlidir. Yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması üçün brendinq siyasəti aparılmalıdır. Logistika və nəqliyyat infrastrukturu inkişaf etdirilməli, bu sahədə çalışan özəl sektor dəstəklənməlidir. İxraca yönəlik subsidiyalar şəffaf və nəticəyönümlü şəkildə verilməlidir. Dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, ixracçılar üçün real bazar çıxış imkanları yaradılmalıdır".
Səmayə Səftərova
