İxtira və sənaye nümunələrinin hüquqi mühafizəsi qaydalarında dəyişiklik edilir
İxtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi qaydalarında dəyişiklik edilir.
Mövzu ilə bağlı vəkil Asif Mustafayev “İnformator.az”a açıqlamasında bildirib ki,2018-ci il Prezident Sərəncamı və qanun dəyişiklikləri ilə patent sahəsində idarəetmə və iddia sənədləri qaydaları təkmilləşdirilib:
“2018-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib, texniki tənzimləmə, standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində səlahiyyətlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətlər isə Əqli Mülkiyyət Agentliyinə verilib, Müəllif Hüquqları Agentliyi və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşdirilməsi yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.26 dekabr tarixində “Patent haqqında” qanuna edilən dəyişikliklərə əsasən insanın klonlaşdırılması, embrionların sənaye məqsədləri üçün istifadəsi və genetik modifikasiya üsulları patent obyektləri kimi qəbul edilməyib, dövlət rəmzləri, beynəlxalq təşkilatların simvolları və mədəni irs obyektləri isə sənaye nümunəsi kimi hüquqi mühafizədən kənar saxlanılıb.
Eyni zamanda patent almaq üçün iddia sənədlərinin yalnız bir ixtiraya və ya vahid ixtiraçılıq fikri ilə əlaqəli ixtiralar qrupuna aid olması, genetik ehtiyatlar və ənənəvi biliklərdən istifadə edildikdə onların mənbəyinin açıqlanması tələbi müəyyən edilib, sənaye nümunələri üzrə iddia sənədlərinin tərkibi dəqiqləşdirilib.
Bu dəyişikliklər patent və qeydiyyat prosesinin daha şəffaf və operativ aparılmasına, hüquqi mübahisələrin azalmasına və ixtiraçılar üçün vaxt və resurs qənaətinə xidmət edir”.
Fidan Alışova
