"İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır ?"
Universitet ixtisas seçimi hər gəncin qarşılaşdığı ən vacib qərarlardan biridir. Bu seçim yalnız təhsil istiqamətini deyil, həm də gələcək karyera və həyat yolunu müəyyən edir. Lakin son illər gənclər arasında ixtisas seçimində çətinliklər artıb. Səbəblər arasında məlumat çatışmazlığı, maraqların dəqiq müəyyən edilməməsi, valideyn gözləntiləri və əmək bazarının tələblərinin dəyişməsi var.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan zaman edilən ixtisas seçimi hər bir gəncin həyatında dönüş nöqtəsi hesab olunur:
“Bu proses yalnız şəxsi maraqları deyil, həm də real imkanları, fərdi bacarıqları və gələcək planları nəzərə almağı tələb edir. Gənclərin əksəriyyəti ixtisas seçimi zamanı müxtəlif çətinliklərlə üzləşir. Məlumat çatışmazlığı onların ən böyük problemlərindən biridir. Abituriyentlər bəzən seçdikləri sahə haqqında kifayət qədər araşdırma aparmadan qərar verir, nəticədə bu, gələcəkdə peşə dəyişikliklərinə və ya məyusluğa səbəb olur. Bundan əlavə, maraq və qabiliyyətlərin düzgün qiymətləndirilməməsi də seçim prosesini çətinləşdirir. Bir çox gənclər hansı sahəyə daha uyğun olduğunu tam bilmir və qərar verməkdə tərəddüd yaşayırlar. Valideynlərin gözləntiləri isə əlavə təzyiq yaradır, bəzən bəzi ailələr öz arzularını övladlarına yükləyərək onların şəxsi seçimlərinə təsir göstərirlər. Bütün bunlara paralel olaraq əmək bazarının dinamik şəkildə dəyişməsi də gənclərin seçim prosesini daha da mürəkkəbləşdirir. Yeni peşələr yaranır, bəziləri isə aktuallığını itirir. Bu səbəbdən gənclərin həm mövcud, həm də gələcək tələbləri nəzərə alması vacibdir. Çox vaxt ixtisas seçimi edən mütəxəssislər və müəllimlər ixtisas seçimi prosesində tələbələrə əsas məlumatları versələr də, bu məlumatlar bəzən kifayət etmir. Çünki burada əsas olan gələcəkdə bu ixtisasın real iş imkanları, əmək bazarının tələbləri, gəlir perspektivləri kimi mövzularla bağlı olan tələbatdır".
Müsahibimiz eyni zamanda vurğulayıb ki, sosial gözləntilər, nüfuz amili ixtisas seçimi zamanı gənclərə ciddi təsir göstərir və bu təsir çox vaxt təzyiqə çevrilir:
“Bəzən cəmiyyətimizdə “prestijli ixtisas” anlayışı səhv başa düşülür. Əsasən, ailələr müəyyən ixtisasları daha nüfuzlu hesab edir. Məslən tibb, hüquq, informatika yönümlü ixtisaslar, mühəndislik, iqtisadiyyat və s ixtisaslara daha çox üstünlük verilir. Bu ixtisaslar cəmiyyət tərəfindən yüksək dəyər verildiyi üçün gənclər çox vaxt öz maraqlarını deyil, “hörmətli” görünən sahələri seçməyə meylli olurlar. Çox təəssüf ki,bəzi sahələr cinsiyyət, sosial status və ya qabiliyyətlə əlaqələndirilir. Bundan başqa, sosial medianın da təsirini xüsusi vurğulamaq lazımdır. İnstagram, TikTok və digər platformalarda yüksək maaşlı işləri, dəbdə olan ixtisasları qabarıq şəkildə göstərirlər. Gənclər də bəzən reallığı deyil, görünəni seçir. Sosial gözləntilər və nüfuz faktoru ixtisas seçimində çox güclü rol oynayır və gənclərin həqiqi maraqlarına uyğun qərar verməsini çətinləşdirir”.
Müsahibimiz ixtisas seçiminin gənclər üçün ən çətin qərarlardan biri və bu prosesdə təhsil müəssisələrinin rolunun çox böyük olduğunu bildirib:
“Universitetlər və məktəblər bu prosesi asanlaşdıra bilər. Şagird və tələbələrə fərdi məsləhətlər verən mütəxəssislər olmalıdır. Peşə testləri, maraq və qabiliyyət analizləri aparılmalıdır, tələbələrə uyğun ixtisas və karyera yolu barədə şəxsi plan hazırlanmalıdır. Məsələn, Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir. “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Bu alət müxtəlif üç əsas istiqaməti əhatə edir. Bunlara təfəkkür növləri üzrə test, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testi aiddir. Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib”.
Müsahibimiz, həmçinin bildirib ki, məktəb və universitetlərdə aktuallığını itirən peşələr, tələbat artan sahələr, gələcəkdə yaranacaq yeni ixtisaslar haqqında mütəmadi seminarlar təşkil edilməlidir:
“Bu, gənclərin real bazar tələblərinə uyğun seçim etməsinə kömək edir. Həmçinin ixtisas tanıtım günləri və sərgilər təşkil etməklə hər ixtisasla bağlı təqdimatlar, məzunlarla görüş, fakültələrin açıq qapı günləri keçirməklə gənclərə birbaşa məlumat çatdırmaq olar. Bundan əlavə, valideynlər bəzən yanlış gözləntilər yaradır. Buna görə də, valideynlər üçün seminar və müzakirələr, peşə seçimində dəstək metodları, əmək bazarının real vəziyyəti barədə məlumat verilməlidir. Universitet və məktəblər bu addımları tətbiq etsə, gənclər daha məlumatlı, inamlı və maraq-qabiliyyətlərinə uyğun ixtisas seçə bilərlər”.
Banu Məmmədova
