İxtisaslaşmaq istədiyiniz sahə ilə bağlı əminsinizsə, təhsilə investisiya etməyə dəyər
İnformator.az saytının "Xaricdə təhsil alan tələbələr" rublikasının növbəti müsahibi Cavid Rəhimlidir.
Cavid Rəhimli kimdir?
Mən 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanın Qafan rayonundanam. 2019-cu ildə BDU-nun hüquq fakültəsinə qəbul olaraq, prezident təqaüdçüsü adını qazandım. Hazırda isə ABŞ-da Corc Vaşinqton Universitetində milli təhlükəsizlik və xarici əlaqələr hüququ üzrə magistr təhsili alıram. Bununla yanaşı ASAP Platforması çərçivəsində ABŞ-da yaşayan həmyerlilərimizin koordinatoru kimi könüllü çalışıram.
Niyə məhz həmin universitetə təhsil almağı seçdiniz?
Mən ənənəvi təhsil metodlarının uğur qazanmaq üçün ən effektiv vasitə olduğunu düşünmürəm. Uğurlu olmaq üçün əsas məsələ ətrafındakı insanların necə olmasıdır. Buna görə də universitetin Vaşinqtonda yerləşməsi qərarıma təsir edən əsas faktor oldu. Çünki karyera diplomatı olmağı hədəfləyən biri kimi dünyada mənim təhsil almağım üçün Vaşinqtondan uğurlu seçim ola bilməzdi. Düşünürdüm ki, Vaşinqtonda yaşasam, dərsdən kənar fəaliyyətlər nəticəsində təcrübəli insanlarla əlaqələr quraram. Məhz elə də oldu, müxtəlif ölkələrin diplomatları, senator köməkçiləri, beynəlxalq təşkilatların ekspertləri artıq mənim dostlarımdır.
Xaricdə təhsil almağa necə qərar verdiz, müraciət zamanı çətinlikləriniz nələr oldu?
Əfsuslar olsun ki, bugün dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da xaricdə təhsil alan şəxslərin karyera yüksəlişi daha sürətli olur. Çox zaman bu onların xaricdə təhsil almayan şəxslərdən daha savadlı və bacarıqlı olmasına görə yox, sadəcə xarici universitetin kağız parçasında adları olduğu üçün baş tutur. Bunu şəxsi brendinqə əlavə dəyər qatqısı kimi də adlandıra bilərik. Ancaq məncə şəxsi brendinq birinin məzun olduğu yerə görə yox, ortaya qoyduğu real işə əsasən formalaşmalıdır. Nəzərə alsaq ki, hər kəs bu və ya digər səbəbdən xaricdə təhsil ala bilmir, o zaman sosial ədalətin bərpası üçün işəgötürənin xaricdə təhsilə yox, real bilik və bacarıqlara baxması zəruridir. Xülasə tələbat belə olduğundan mən də insan yaradılışından irəli gələn güclü olmaq istəyinə görə xaricdə təhsil almağı qərarlaşdırdım. Müraciət prosesi zamanı çətinliyim sənədlərimin poçtda gecikməsi oldu, beləcə ən yaxşı universitetlərə vaxtında müraciət edə bilmədim.
Azərbaycanlı gənclərin koordinatoru kimi nə işlə məşğul olursuz?
Hədəfim ABŞ-da Azərbaycan diasporasını institusionallaşdırmaq, həmyerlilərimizi bir araya yığmaq, Azərbaycanı tanıtmaq və xüsusən də fikirlərimizi ABŞ-ın qərarverici şəxslərinə çatdırmaqdır. Artıq 3 ay olmasına rəğmən 8 ştatda nümayəndələrimiz var və idarə heyəti formalaşdırmaq prosesini isə bitirmək üzrəyik. ABŞ-da Azərbaycanın güclü diaspora potensialı var, ancaq əfsuslar olsun ki, reallıq budur ki, biz həmrəy deyilik. Bəzi təşkilatlar ancaq öz maraqlarını düşünür, bəziləri destruktiv fəaliyyətlə məşğul olur, həmrəy olmaqla bağlı təklifləri isə yola verirlər. Nəticədə isə ikili standart adlandırdığımız qərarlar qəbul edilir, əleyhimizə addımlar atılır. Bizim müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda onminlərlə şəxs şəhid olub. Bizim bir dəqiqə belə vaxtımızı boş keçirməyə mənəvi haqqımız yoxdur. Mən sizdən birdaha xahiş edirəm, gəlin həmrəy olaq, o zaman bizim səsimiz daha güclü çıxacaq!
Təhsil aldığınız ölkədə daha çox hansı problemlərlə qarşılaşırsınız?
ABŞ demokratiyasının reallıqları ilə üzləşdim. Öyrəndim ki, ABŞ-da ifadə azadlığı yalnız amerikan vətəndaşlarına şamil edilirmiş. Münaqişədə uşağın ölümünü qınayan xarici vətəndaş belə ABŞ tərəfindən deport edilə, gələcəkdə ona viza verilməyə bilər. Bugün bütün fərdi məlumatlarımız onların əlindədir, xüsusən də ABŞ-a gəlmək istəyən şəxslər sosial media hesablarında paylaşdıqlarına diqqət etsə, yaxşı olar. Məişət səviyyəsində isə yemək böyük problemdir. Bir də nisbətən mühafizəkar biri olduğumdan əxlaqsızlığın çox ciddi dərəcədə olmasını görməyim, ABŞ-ın yumşaq gücünün bizə təsiri səbəbindən məni narahat edir. Netflix filmlərindən bəzi fraqmentləri ABŞ-ın böyük şəhərlərində real görmək mümkündür.
Gələcək planlarınız nələrdir?
Mənim həyat missiyam Qərbi Azərbaycana sülh yolu ilə qayıdışa qatqı verməkdir. Bunla bağlı müxtəlif planlarım var, zamanı gələndə ictimailəşdirəcəm. Qeyd etdiyim kimi ABŞ-da diasporamızı gücləndirmək istəyirəm, bunun üçün təhsilimi doktorantura səviyyəsində davam etdirmək arzusundayam. Mənim üçün xoşbəxtlik başqalarının həyatına, ictimai maraqlara, dövlətçiliyə kiçik də olsa qatqı verməkdir. Buna görə də hazırda mənim təhsilim yox, diaspora fəaliyyətim birinci plandadır. Düşünürəm ki, araşdırma edərək hər zaman öyrənmək mümkündür, fəqət bu gənclik ambisiyaları ilə hər zaman ABŞ-da olmaq mümkün deyil.
Amerikada, ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlərə tövsiyələriniz.
Hər kəs xaricdə təhsili təşviq edir. Ancaq bu düzgün deyil. Xaricdə təhsil almaq şəxsin peşəkar inkişafı üçün şərt deyil. Heç də hər xaricdə təhsil alan kifayət qədər inkişaf etməyib. Xaricdə təhsil almaq üçün tələsmək lazım deyil. Gənclərə disiplinli olmağı və öz üzərində işləməyi öyrətmək lazımdır. ABŞ-da öyrəndiyim hər şeyi demək olar ki, texnologiyanın vasitəsilə Azərbaycanda da öyrənə bilərəm. Xaricdə təhsilin əsas üstünlüyü şəbəkələşmədir. Bu isə xaricdə yaşamayacaqsanızsa, o qədər də önəmli deyil. Linkedin vasitəsilə istədiyiniz sahənin eksperti ilə onlayn görüş təşkil edə bilərsiniz. Bunlara rəğmən tək yaşamağın şəxsi inkişafa böyük təsiri var. Bunun üçün xaricdə yaşamağa dəyər, ancaq ixtisaslaşmaq istədiyiniz sahə ilə bağlı əminsinizsə, təhsilə investisiya etməyə dəyər, əks təqdirdə xaricdə təhsil almaq adına oxumaq mənasızdır.
Qeyd edək ki, müsahibimiz sosial şəbəkələrdə bir sıra mövzulara dair uğurlu şərhlər verir. Diqqətimizi çəkən şərhlərdən biri, Dövlət Proqramı üzrə qəbulla bağlıdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi DP üzrə siyahını açıqlayıb. Top 10 reytinqində olan universitetlərə ixtisas fərqi olmadan qəbul olan hər kəs DP-a müraciət edə bilər. Bu çox müsbət addımdır. Keçən il gec elan olunmuşdu deyə çox adam xəbərsiz idi, bu il əminəm ki, daha çox qəbul olacaq.
Cavid Rəhimli açıqlamasında öz təkliflərindən də söz açıb.
Bir təklifim var, məncə onun tətbiqi zəruridir. Ölkəyə qayıdıb 5 il işləmək tələbi təhsili dərhal bitirdikdən sonra yox, 20 il ərzində qayıdıb 5 işləmək tələbi ilə əvəz oluna bilər. Təbii ki, bu şəxslər diaspora fəaliyyətinə qoşulmağı özlərinə borc biləcəklərdir. Cənab prezident qeyd etmişdir ki, xaricdə təhsil alan gənclər oxuduqları şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklər və diaspora qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər. Təhsil Nazirliyinin strategiyası ölkə rəhbərinin fikirlərinə əsaslanmalı, xaricdə təhsil almış şəxslərin təşkilatlana bilməsi üçün dərhal ölkəyə qayıtmaq tələbini aradan qaldırmalıdır.
Cavid Rəhimli qeyd edir ki, Cənab nazir özünün təhsilinə ayrılan 130 min dolların zəruri olub-olmadığını mübahisələndirib.
Məncə, bu qədər milyonlarla investisiya tələbə ölkəyə dərhal qayıdacaqsa, zəruri deyil. Yox, əgər o, xarici ölkədə işləyib daha çox təcrübə qazanacaq, xarici ölkələrin lider şəxsləri ilə əlaqələr quracaqsa, o zaman bu investisiyaya dəyər.
Asiman Hafizqızı
