00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 21:39 76 2 dəq oxuma
Dünya

Jensen Huangın vəzifəsinə qayıdışı: Pekin–Vaşinqton münasibətlərində yeni müzakirələrə yol açıb

 

Jensen Huangın vəzifəsinə qayıdışı: Pekin–Vaşinqton münasibətlərində yeni müzakirələrə yol açıb

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Nvidia”nın rəhbəri Jensen Huangın vəzifəsinə qayıtması yalnız texnologiya sektorunda deyil, beynəlxalq siyasi dairələrdə də diqqət çəkib. Xüsusilə Çində bu hadisə geniş müzakirələrə səbəb olub. Ölkənin ən böyük sosial şəbəkəsi olan Weibo-da Huangın qayıdışı ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

 

Məsələ ondadır ki, Huangın adı son vaxtlar Çinlə bağlı casusluq iddiaları ətrafında gündəmə gəlmişdi. Pekin bu iddiaları rədd edərək onları ABŞ-dakı anti-Çin qüvvələrinin qarayaxma kampaniyası kimi qiymətləndirmişdi. Ağ Ev və ABŞ Prezidenti Donald Tramp isə Huangın milli təhlükəsizlik üçün təhdid yaratmadığını bəyan etmişdi. Bununla belə, məsələ ilə bağlı araşdırmalar hələ də davam edir.

 

Maraqlı məqam isə Huangın vəzifəsinə qayıdışının Çin lideri Si Cinpinlə Donald Trampın görüşündən qısa müddət sonraya təsadüf etməsidir. Tramp həmin görüşdə Huang məsələsinin də müzakirə olunduğunu təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Bu isə Pekin və Vaşinqton arasındakı münasibətlərdə şəxsi diplomatik təmasların rolunu yenidən gündəmə gətirib.

 

Digər tərəfdən, hadisə ABŞ-da Çinə texnologiya ixracının məhdudlaşdırılmasını dəstəkləyənlərlə bu siyasətin əleyhinə çıxanlar arasındakı fikir ayrılıqlarını da üzə çıxarıb. Jensen Huang dəfələrlə bildirib ki, qabaqcıl çiplərin ixracına qoyulan məhdudiyyətlər Çin şirkətlərini öz texnoloji alternativlərini yaratmağa sövq edir. Onun fikrincə, bu siyasət Amerika şirkətlərinin Çin bazarındakı mövqelərini də zəiflədə bilər.

 

Lakin Huangın rəhbərliyə qayıtması Çin üçün texnologiya sahəsində məhdudiyyətlərin aradan qalxacağı demək deyil. ABŞ artıq qabaqcıl çiplərin birbaşa ixracı ilə yanaşı, Çin şirkətlərinin üçüncü ölkələrdəki məlumat mərkəzləri vasitəsilə bu texnologiyalardan istifadəsini də məhdudlaşdırmağa çalışır. Sinqapur, Malayziya və Tailand kimi ölkələr üzərindən mövcud ola biləcək imkanların bağlanması da Vaşinqtonun əsas hədəflərindəndir.

 

Belə görünür ki, ABŞ və Çin arasında rəqabət artıq təkcə gömrük rüsumları ilə məhdudlaşmır. Süni intellekt, yarımkeçiricilər və nadir torpaq metalları iki ölkə arasında iqtisadi və strateji mübarizənin əsas istiqamətlərinə çevrilib. Çin nadir torpaq metalları sahəsindəki mövqeyindən, ABŞ isə qabaqcıl texnologiyalara nəzarət imkanlarından danışıqlarda istifadə edir.

 

Bütün bunların fonunda Jensen Huang ətrafında yaranmış qalmaqalın hələ yekunlaşmadığı bildirilir. Onun gələn ay ABŞ Konqresində ifadə verməsi gözlənilir. Bu prosesin həm Nvidia-nın gələcək fəaliyyətinə, həm də Vaşinqtonun Pekinə qarşı texnologiya siyasətinə necə təsir göstərəcəyi diqqət mərkəzində qalır.

 

 

 

Nuray Dadaşzadə

#müzakirələrə #xəbər #vəzifəsinə #münasibətlərində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər