Bir vaxtlar Misir fironlarına rəqib olmuş qədim fövqəldövlət yenidən gündəmə qayıdır
Hattuşa, Türkiyə 3500 il əvvəl Aralıq dənizi hövzəsində qədim Misirlə yanaşı söz sahibi olan Het imperiyası müasir Türkiyənin mərkəzindən idarə olunub, Babilə yürüşlər edib, zirehli döyüş arabaları yaradıb və Böyük Ramzes kimi fironlarla rəqabət aparıb. Son zamanlar Şamuha qazıntı sahəsində mixi yazılı 131 gil lövhənin tapılması bu imperiyanı yenidən gündəmə gətirib. Lövhələrdə quş falçılarının qeydləri, qərbi Anadoludakı hərbi komandirlərin üsyanı yatırmaq üçün təcili kömək istəyi və körpə şahzadənin ölümünə də səbəb olan yüksək hərarətli epidemiya haqqında məlumatlar yer alır.
İlk mərkəzləşdirilmiş Anadolu imperiyası olan hetlər müasir Türkiyənin qurucu prezidenti Mustafa Kamal Atatürkün də xüsusi marağında olub. Onun təşəbbüsü ilə Ankarada Anadolu Mədəniyyətləri Muzeyi yaradılıb, 1938-ci ildə dəfnindən sonra məzarına gedən yola isə Het ikonoqrafiyasına uyğun 24 daş aslan qoyulub. Hind-Avropa dilində danışan hetlərin Avropadan (Bosfor vasitəsilə) və ya Qafqazdan gəldiyi ehtimal edilir. Fəth etdikləri yerlərin tanrılarını mənimsədikləri üçün onları “1000 Tanrılı Xalq” adlandırırdılar. E.ə. 1274-cü ildə baş vermiş və 6000-ə yaxın döyüş arabasının qatıldığı Kadeş döyüşü heç-heçə bitdikdən sonra Kadeş müqaviləsi imzalanıb (nümunələri Ankara muzeyində və Nyu-Yorkdakı BMT mənzil-qərargahında saxlanılır). Xarici siyasətdə fəal rol oynayan Het kraliçası Puduhepa isə Misir kraliçası Nefertariyə dostluq məktubu yazıb. YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan paytaxt Hattuşanın əsası təxminən 8000 il əvvəl qoyulub, hetlər isə bura e.ə. 1650-ci ildə gəliblər. Təbii müdafiə mövqeyi, çayları, əhəngdaşı, münbit vadisi və ticarət yolları şəhəri əlverişli mərkəzə çevirib. Boğazkale kəndindəki muzeydən sonra Aslanlı Qapı, Sfenksli Qapı, Kral II Şuppiluliumanın heroqlifləri olan otaq və açıq səma altında məbəd olan Yazılıkaya (Teşub, Hebat və Kral IV Tudhaliyanın təsvirləri ilə) ziyarət edilə bilər. İstanbul və Ankara arasında gündə 10-dan çox uçuş və təxminən 4 saatlıq sürət qatarı fəaliyyət göstərir; Ankaradan Hattuşaya günlük turlar var və ya D200/E88 yolu ilə təxminən 3 saata avtomobillə getmək mümkündür.
Səkinə Musayeva