00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:39 64 2 dəq oxuma
Dünya

Ukrayna və Norveç yeni hava hücumundan müdafiə sistemi hazırlayıb

Ukrayna və Norveç yeni hava hücumundan müdafiə sistemi hazırlayıb

“Desna” adlanan sistem iki ölkənin müdafiə sənayesi şirkətlərinin əməkdaşlığı və hökumətlərin dəstəyi ilə yaradılıb. Sistemin əsas məqsədi Rusiyanın hücum dronlarına qarşı mübarizə aparmaqdır. Norveç artıq bir neçə belə sistem alaraq Ukraynaya təhvil verib və onlar döyüş şəraitində istifadə olunur.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, “Desna” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

 

“ABŞ-ın “Starlink” və “Starshield” peyk sistemlərindən istifadəyə qoyduğu məhdudiyyətlərdən sonra Ukraynanın Rusiya raketləri və dronlarının hücumlarından müdafiəsi çətinləşib. Xüsusilə Rusiyanın son günlər ağır ballistik raketlərlə Ukrayna ərazisinə hücumları hava hücumundan müdafiənin gücləndirilməsini zəruri edir.Əvvəllər Ukrayna Rusiya dronlarından qorunmaq üçün Qərb ölkələrindən müxtəlif silahlar və kiçik həcmli raketlər alırdı. Lakin peyk sistemlərindən istifadə imkanlarının məhdudlaşdırılması ölkənin əlavə müdafiə vasitələrinə ehtiyacını artırıb. Bu baxımdan Norveçlə birgə istehsal olunan “Desna” raketləri Rusiya dronlarının hücumlarından qorunmağa kömək edə bilər.

 

Raketlərin patenti Norveçə məxsusdur və əsas maliyyə xərcləri də bu ölkə tərəfindən qarşılanır. Layihənin digər əhəmiyyəti Ukraynanın müdafiə sənayesinin inkişafına töhfə verməsidir. Bu, gələcəkdə ölkənin xarici dövlətlərdən silah-sursat asılılığını azalda bilər. Çünki müharibənin yaxın müddətdə başa çatacağı gözlənilmir və Ukrayna öz müdafiə imkanlarını gücləndirməli olacaq”.

 

Siyasi şərhçi qeyd edib ki, son dörd-beş ildə ABŞ və Avropa ölkələri Ukraynaya müxtəlif silahlar, raketlər və döyüş təyyarələri versələr də, bu yardım ölkənin ehtiyaclarını tam qarşılamayıb. Bundan əlavə, Ukraynanın 2027-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün istədiyi 155 milyard avrodan yalnız 70 milyard avronun Avropa ölkələri tərəfindən təmin ediləcəyi bildirilir. Bu isə silahla təchizatda çətinliklər yarada bilər:

 

“Bu baxımdan, maliyyə vəsaiti ilə yanaşı, Ukraynaya birbaşa silahların təqdim edilməsi də müdafiə ehtiyaclarının qarşılanmasına kömək edə bilər. Norveçin “Kongsberg” şirkətinin istehsalı olan “Desna” raketlərinin Ukraynaya çatdırılması həm Rusiya dronlarının hücumlarından qorunmaq, həm də ölkənin müdafiə sənayesinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır”.

 

Fidan Alışova

#hazırlayıb #yeni #azərbaycan #sistemi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər