Jurnalist Fəridə Abdulla tələbələrlə görüşüb
Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi könüllülərinin təşkilatçılığı ilə “İdman jurnalistikası və efir mədəniyyəti” mövzusunda xüsusi görüş baş tutub.
Görüşə İctimai TV-nin aparıcısı, idman jurnalisti Fəridə Abdulla ilə qonaq olub. Tələbələrlə görüşən jurnalist öz peşə yolundan və media sahəsində qazandığı təcrübələrdən danışıb.
O bildirib ki, jurnalistikaya 3-cü kursda – 2013-cü ilin sentyabrında ANS radiosunda başladığı təcrübə ilə qədəm qoyub. Təcrübəsinin olmamasına baxmayaraq, israrı və öyrənmək həvəsi onun qəbul edilməsinə səbəb olub. Bir həftə ərzində pultu öyrəndiyini, 1 oktyabrda ilk dəfə efirə çıxdığını deyən jurnalist əvvəlcə musiqili proqramlarda, daha sonra isə xəbər sahəsində fəaliyyət göstərib.
Canlı yayımlar zamanı cəbhədə çalışan müxbirlərlə bağlantılar etdiyini bildirən Fəridə Abdulla bunun həm emosional, həm də peşəkar baxımdan çətin, lakin çox dəyərli təcrübə olduğunu vurğulayıb. O, ağır iş rejiminə baxmayaraq, mediada irəliləmək üçün fədakarlığın vacib olduğunu qeyd edib.
Görüşdə o, tələbələrə praktik təcrübənin əhəmiyyətini xatırladıb: “Maddi qarşılıq gözləmədən təcrübə qazanmaq sizi daha güclü edir”.
Tədbirin davamında tələbələr jurnalistə suallar ünvanlayıb. Media sahəsində inkişaf yolları, idman jurnalistikasında qarşılaşdıqları çətinliklər, beynəlxalq tədbirlərdə iştirak imkanları və xarici dil bacarıqlarının rolu barədə suallar ətrafında geniş müzakirə aparılıb.
Mələk Hüseynova
