“Jurnalistikanı bitirənlərə üstünlük verilməlidir”- Qulu Məhərrəmli
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mövzu ilə bağlı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli “İnformator.az”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin bu qərarını çox yanlış hesab etdiyini bildirib:

“Digər ixtisaslar üçün məhdudiyyətin aradan qaldırılması yaxşıdır. Amma ümumiyyətlə jurnalistikaya gəliş, təhsilin keyfiyyəti baxımından burada problemlər var. Məsələn, 50 bal toplayan başqa ixtisas seçir. Amma bu onları jurnalistikaya çağırır. Bunun ən yaxşı variantı ondan ibarətdir ki, jurnalistikanı bitirən bakalavrlar üçün balı aşağı endirsinlər. Misal üçün iki-üç bal aşağı endirsinlər, 47-48 olsun. Orada bir bala görə, hətta yarım bala görə qəbul ola bilməyənlər var. Məsələn, 47-48 bala endirsələr, daha keyfiyyətli və daha doğru, dürüst addım ola bilər”.
Nuray Əliyeva