Jurnalistin çəkiliş aparmaq hüququ hansı hallarda məhdudlaşdırıla bilər?
Jurnalistlərin foto və video çəkiliş aparmaq hüququ media fəaliyyətinin əsas prinsiplərindən biri olsa da, bu hüquq qanunvericiliklə müəyyən edilən hallarda məhdudlaşdırıla bilər.
Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, jurnalistlərin video və foto çəkiliş aparmaq hüquqları qanunvericiliyə uyğun olaraq bir sıra hallarda məhdudlaşdırıla bilər:
“Məhdudiyyətlərin əsas səbəblərindən biri dövlət sirrinin qorunmasıdır. Bu, əsas məhdudlaşdırılma səbəblərindən biridir. Əgər jurnalistlərin apardığı çəkiliş dövlət sirri təşkil edən məlumatların yayılmasına səbəb ola bilərsə, bu zaman həmin çəkiliş məhdudlaşdırıla bilər. Milli təhlükəsizlik və ictimai asayiş məsələləri də bu sahədə mühüm rol oynayır. Milli təhlükəsizlik və ictimai asayişin qorunması ilə bağlı hallarda, xüsusilə, həssas dövrlərdə - məsələn, müharibə şəraitində və ya digər gərgin situasiyalarda çəkilişlərin aparılması məhdudlaşdırıla bilər. Fövqəladə hallar və pandemiya dövrlərində də belə hallarla rastlaşmaq mümkündür. COVID19 dövründə də bunu müşahidə etdik. Bəzən sağlamlığın, eləcə də mənəvi dəyərlərin qorunması məqsədilə məhdudiyyətlər tətbiq olunur. Yəni cəmiyyətdə ajiotaj və ya yanlış sensasiya yarada biləcək çəkilişlərin qarşısının alınması üçün bu addımlar atılır. Məhkəmə-istintaq hərəkətləri zamanı belə hallar mümkündür. Əgər çəkiliş məhkəmə prosesinin gedişinə mane olursa və ya proses qanunla qapalı keçirilirsə, həmçinin istintaq sirri təşkil edən məsələlər varsa, bu zaman çəkiliş məhdudlaşdırılır. Əgər söhbət ictimai şəxs olmayan, sıravi vətəndaşdan gedirsə və onun razılığı olmadan şəxsi və ailə həyatına müdaxilə xarakteri daşıyan çəkiliş aparılırsa, bu da məhdudlaşdırıla bilər”.
Ekspert qeyd edib ki, təhlükəsizlik qaydaları da bu məsələdə nəzərə alınmalıdır:
“Fövqəladə hallar zamanı və ya xüsusi karantin rejimlərində çəkiliş təhlükəsizlik qaydalarına ziddirsə, bu da məhdudlaşdırıla bilər. Xüsusi rejimli obyektlərdə də çəkiliş aparılması qaydalarla tənzimlənir. Məsələn, hərbi obyektlər, cəzaçəkmə müəssisələri kimi xüsusi rejimli ərazilərdə müvafiq icazə olmadan jurnalistlərin çəkiliş aparması mümkün deyil. Bu da əsas məhdudiyyətlərdən biridir”.
Fatimə Hüseynli