Kəşmirdə zəfəran istehsalı azalır: Əsrlik ənənə təhlükə altındadır
Dünyanın ən bahalı ədviyyatı hesab edilən zəfəran Kəşmirdə təkcə kənd təsərrüfatı məhsulu deyil, həm də bölgənin əsrlərdir qorunan mədəni irsinin bir hissəsidir. Toy süfrələrində, ənənəvi çaylarda, ətriyyat və xalq təbabətində istifadə olunan bu qiymətli bitki son illərdə iqlim dəyişikliyi, quraqlıq və əkin sahələrinin azalması səbəbindən təhlükə ilə üzləşib.
BBC-nin məlumatına görə, Kəşmirin zəfəran istehsalı ilə tanınan Pampore bölgəsində əvvəlki illərdə payız aylarında bənövşəyi çiçəklərlə örtülən sahələr indi daha quru və seyrək görünür. Dəyişən hava şəraiti fermerlərin məhsul əldə etməsini çətinləşdirir. Yerli fermer Məhəmməd Asif bildirib ki, 2025-ci ildə ailəsinin sahəsindən cəmi 250 qram zəfəran əldə edilib. Halbuki əvvəlki il bu miqdar 1,5 kiloqrama yaxın olub. Hindistan hökumətinin məlumatlarına əsasən, Kəşmir və Cammu bölgələrində zəfəran istehsalı 2010-2011-ci illərdəki 8 tondan 2023-2024-cü illərdə 2,6 tona qədər azalıb. Mütəxəssislər bu geriləməni yağıntı rejiminin dəyişməsi, uzun sürən quraqlıq və qar ehtiyatlarının azalması ilə əlaqələndirirlər.
Zəfərançılığın gələcəyini çətinləşdirən digər amil əkin sahələrinin yaşayış və kommersiya obyektləri ilə əvəzlənməsidir. Vaxtilə ailələrin əsas dolanışıq mənbəyi olan sahələrdə tikinti işlərinin genişlənməsi ənənəvi təsərrüfatın əhatəsini daraldır. Bundan əlavə, bitkinin torpaq altındakı soğanaqlarına zərər vuran gəmiricilər də fermerlər üçün əlavə problem yaradır. Bölgə sakinləri gənc nəslin zəfərançılığa marağının azaldığını və bu sahədə gələcək görmədiyini bildirirlər.
Yerli istehsalçıları narahat edən digər məsələ bazarda Kəşmir zəfəranı adı ilə satılan xarici məhsullardır. Dünyadakı zəfəran istehsalının təxminən 90 faizini təmin edən İrandan gətirilən məhsulların bəzən yerli zəfəran kimi təqdim edildiyi bildirilir. Həmçinin məhsulun başqa bitkilərlə əvəzlənməsi və təhlükəli rəngləndiricilərdən istifadə edilməsi kimi saxtalaşdırma halları da mövcuddur. Mütəxəssislər bunun istehlakçıların etimadını zəiflətdiyini və yerli fermerlərin gəlirlərinə mənfi təsir göstərdiyini vurğulayırlar.
Hazırda zəfəran istehsalını qorumaq üçün məhsulun mənşəyini təsdiqləyən sertifikatlaşdırma, elektron izləmə sistemləri və nəzarətli şəraitdə yetişdirmə imkanları üzərində iş aparılır. Bununla belə, fermerləri narahat edən əsas məsələlərdən biri zəfəran sahələrinin tikinti nəticəsində birdəfəlik itirilməsidir. Çünki bu torpaqların yerini tikililər aldıqdan sonra əsrlərdir davam edən ənənənin bərpası olduqca çətinləşir.
BBC
Fatimə Hüseynova